Elmar Məmmədyarov: \"Təyyarənin qəzaya uğramasının tam araşdırılmasına nail olacağıq\"

Elmar Məmmədyarov: \"Təyyarənin qəzaya uğramasının tam araşdırılmasına nail olacağıq\"

Azərbaycan tərəfi yaradılmış komissiya üzvlərinin \"İL-76\" yük təyyarəsinin qəzaya uğradığı yerə gedə bilməsi üçün Əfqanıstan tərəfi ilə intensiv işlər görür. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov \"İnterfaks\" agentliyinə müsahibəsində bildirib: "Təəssüf ki, hələ ki, həlak olanların cəsədlərinə yaxınlaşmaq haqqında məlumat yoxdur. Amma biz əfqan tərəfi ilə qəza yerinə çatmağımız üçün işlər görürük və bizim Əfqanıstanda akkreditasiya olunan və iqamətgahı İslamabadda olan səfirə bu istiqamətdə müvafiq tapşırıqlar verilib\", -deyə E. Məmmədyarov qeyd edib.

Bu məsələnin həllində əsas maneənin təyyarənin qəzaya uğradığı rayonda taliblərin olması barədə suala nazir belə cavab verib: \"Təkcə, taliblər yox, o yer də çox çətindir\".

Azərbaycan XİN rəhbərinin sözlərinə görə, \"qara qutu\"nun tapılması və onun təhlil edilməsinə qədər təyyarənin qəzaya uğrama səbəbləri barədə nə isə dəqiq demək çətindir. Nazir qeyd edib ki, bütün bu çatışmazlıqlara baxmayaraq Azərbaycan aviaqəzanın səbəblərinin tam araşdırılmasına nail olacaq. \"Biz birmənalı olaraq bütün suallara cavab tapmalıyıq. Buna şübhə yoxdur\",-deyə nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus \"İl-76\" təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Əfqanıstanın Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. \"Taliban\" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin \"Taliban\" tərəfindən vurulduğunu bildirib.

Qəza nəticəsində təyyarənin 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-ci Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə