Prezident İlham Əliyev: “Azərbaycanla rəqabət Ermənistanın gücü deyil”
Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında çıxış edib. SİA-nın xəbərinə görə, prezident bildirib ki, Dünya Azərbaycanlılarının I Qurultayından keçən dövr ərzində azərbaycanlıların təşkilatlanması üçün lazımi addımlar atılıb, diaspor fəaliyyəti üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Son 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayan dövlət başçısı bunun Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: "Ölkə demokratik əsaslarla idarə olunur, siyasi sistem təkmilləşir. Azərbaycanda söz və mətbuat azaddır. Ölkənin qarşısında dayanan vəzifələr icra edilir. Azərbaycan bu gün regionda mühüm faktora çevrilib. Dünyada mövcud olan və bizim üçün məqbul sayılan təcrübə Azərbaycanda tətbiq olunur. Modernləşmə gedir. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində dünya iqtisadi böhranı Azərbaycana çox az təsir etdi. Bu da onu göstərir ki, bizim iqtisadi siyasətimizin təməlində insan faktoru dayanır. Ötən il ölkə iqtisadiyyatına 16 milyard dollar investisiya yatırılıb və bunun nəticəsində həyata keçirilən islahatlar nəticəsində insanların həyat şəraitinin yaxşılaşıb. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir".
Prezident vurğulayıb ki, Azərbaycan indiyədək nə xarici, nə daxili siyasətdə səhvlərə yol verib, etibarlı tərəfdaş kimi tanınıb.
Beynəlxalq təşkilatların Qarabağ probleminin həlli ilə bağlı müvafiq qətnamələr qəbul etdiklərini xatırladan prezident bu sənədlərin icra olunmamasının Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhə yaxın olmamasından irəli gəldiyini bildirib: "İrəvan anlamlıdır ki, Azərbaycanın potensialı Ermənistanın imkanları ilə müqayisə edilə bilməz. Azərbaycanın iqtisadi potensialı Ermənistanın iqtisadi potensialından 10 dəfə çoxdur. Azərbaycanla rəqabət Ermənistanın gücü deyil. Təkcə Azərbaycanın hərbi xərcləri Ermənistan büdcəsindən 50 faiz çoxdur".
Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının da münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini müdafiə etdiyini vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də Ermənistanın maraqlarına cavab verir. Vasitəçi dövlətlər də bəyan edirlər ki, "status-kvo" qəbul edilməzdir. Azərbaycan danışıqları davam etdirəcək. Ermənilər yaxşı bilirlər ki, onlar Dağlıq Qarabağa qonaq gəliblər. Ermənistan dövləti tarixi Azərbaycan ərazisində - İrəvan və Zəngəzurda yaradılıb. Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası coğrafi baxımdan parçalanıb. Azərbaycan bütün amillərdən, o cümlədən ordu amilindən istifadə etməklə ərazi bütövlüyünü təmin edəcək".
"Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb"- sözləri ilə nitqini davam etdirən Prezident bildirib ki, 5 il əvvəl 336 Azərbaycan diaspor təşkilatı olduğu halda, bu gün onları sayı 416-ya çatıb: "Diaspor təşkilatları keyfiyyət baxımından da güclənib və öz sözlərini deməyə başlayıb".
Dövlət başçısı çıxışında diaspor təşkilatlarına tövsiyələrini də çatdırıb: "Fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycana icmaları və diplomatik nümayəndəliklər bir olmalıdırlar. Bəzən elə hallar olur ki, ziddiyyətlər ortaya çıxır. Buna son qoyulmalıdır. Diaspor təşkilatlarının birliyi təmin olunmalıdır. Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq daha da güclü olmalıdır. Bəzən bu münasibətlər məni narahat edir. Hərə bir küncə çəkilməməlidir ki, sonra biz işə qarışaq. Diaspor təşkilatları və səfirlik bir yumruq kimi, komanda şəklidə işləməlidir. Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti erməni lobbisinin çirkin kampaniyasına tutarlı cavablar verir. Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır. Bunun üçün bütün metodlardan, o cümlədən internetdən səmərəli istifadə edilməlidir. Bəzən Azərbaycan mətbuatının azad olmadığı barədə fikir formalaşdırılır. Necə ola bilər ki, 50 faiz internet istifadəçisi olan ölkədə mətbuat azad olmasın? Mən göstəriş vermişəm Azərbaycan xalqının tarixini, mədəniyyətini əks etdirən saytlar yaradılmalıdır".
Azərbaycan prezidenti deyib ki, Azərbaycan diasporu xarici ölkələrin daxili siyasətinin faktoruna çevrilməli, dövlət və hökumət qurumlarında, qanunverici orqanlarında təmsil olunmalıdır: "Ətrafınızdakı azərbaycanlılara da kömək edin, şirkətlərinizdə daha çox azərbaycanlıları işə götürün. Azərbaycan dövlət şirkətlərinin xaricdəki layihələrində daha çox azərbaycanlılar işlə təmin edilməli, o ölkələrdə azərbaycanlılara məxsus şirkətlər podratçı və digər formalarda bu layihələrə cəlb olunmalıdır".
Azərbaycan prezidenti çıxışını "Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır! Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır", sözləri ilə bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB