Əli Laricani: “Regionda gedən çox mühüm hadisələr tələb edir ki, islam ölkələri çox ciddi müzakirələr aparsınlar”
İran parlamenti beynəlxalq təşkilatlarda Azərbaycanın parlament diplomatiyasını müdafiə edir. SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikası parlamentinin sədri Əli Laricani bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ə. Laricani səfər çərçivəsində Azərbaycan prezidenti, Milli Məclis sədri, baş nazirlə səmərəli görüşlərinin olduğunu deyib: "Azərbaycanla İran arasında bütün sahələrdə yaxşı münasibətlər mövcuddur. Bizim münasibətlər uzunmüddətlidir və tarixi köklərə malikdir. Biz parlamentlərarası münasibətləri də müzakirə etdik. Düşünürük ki, parlamentlər təcrübə mübadiləsi aparsınlar, komissiyaların görüşləri keçirilsin. Beynəlxalq təşkilatlarda biz bir yerdə işləyə bilərik".
O, Azərbaycanda keçirdiyi görüşlərdə iqtisadi məsələlərin də müzakirə olunduğunu qeyd edib: "Hər iki tərəf bu münasibətlərin inkişafına müsbət rəy verib. Bir sıra iqtisadi layihələr, o cümlədən neft-qaz layihələri, Azərbaycan dəmir yolunun İran dəmir yolu ilə birləşməsi və s. barədə də fikir mübadilələri aparılıb. Eyni zamanda regionda gedən çox mühüm hadisələr tələb edir ki, islam ölkələri çox ciddi müzakirələr aparsınlar. Son vaxtlar xəbər yayıldı ki, sionist rejim Qüdsün divarlarının bir hissəsini sökür. Bu ciddi məsələdir və müsəlman ölkələri buna münasibət bildirməlidir".
O, həmçinin Xəzəryanı ölkələrin parlament sədrləri arasında da görüşlərin keçirilməsini vacibliyini vurğulayıb: "Xəzəryanı ölkələrin həmişə müştərək məsələləri var və onlar daim bir yerdə problemlərini həll edə bilərlər. Xəzər dənizinin böyük potensialı var və onun istifadəsi üçün status məsələsi həll edilməlidir. Regional əməkdaşlıq məsələlərin həllinə kömək edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB