Polis Akademiyasında 2010-2011-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib

Polis Akademiyasında 2010-2011-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib

İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2010-2011-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirildi.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin də iştirak etdiyi tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verdi. Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisə - tədris ilinin buraxılışı münasibətilə təbrik etdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dövlət himni səsləndirildi.

Polis Akademiyasının rəisi Nazim Əliyev bu təhsil ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış etdi.

O qeyd etdi ki, Akademiya yarandığı gündən onun əsaslı maddi-texniki bazasının təşkilinə, peşəkar elmi kadrlarla təmin olunmasına, tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına, kafedrada fənn otaqlarının təşkilinə xüsusi fikir verilmişdir. DİN rəhbərliyinin gündəlik diqqət və qayğısı sayəsində Polis Akademiyasında təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün əməli işlər görülmüş və bu istiqamətdə fəaliyyət müntəzəm olaraq davam etdirilir.

Bildirildi ki, 2010-2011-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 143, ümumilikdə, 267 məzun bitirir.

Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenatı Tural Kazımov onlara göstərilən diqqət və qayğıya, aldıqları bilik və təcrübəyə görə DİN rəhbərliyinə və müəllim heyətinə minnətdarlığını bildirdi.

General-polkovnik Ramil Usubov tədris ilinin buraxılışı münasibətilə möhtərəm Prezidentmiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırdı. Daxili işlər naziri Azərbaycan Polisinin şərəfli bir yol keçdiyini, müxtəlif mərəhələlərdə hansı adla fəaliyyət göstərməsindən asılı olmayaraq, vətənə, xalqa və anda sədaqətlə və ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğuladı.

Daxili işlər naziri polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu xüsusi qeyd etdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayıb, möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb.

Nazir həmçinin məzunlara vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini, vətəndaşlarımızın həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzuladı.

Çıxışının sonunda Ramil Usubov bütün şəxsi heyət adından möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etdi ki, daxili işlər orqanlarının əməkdaşları öz andına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa, Vətənə sədaqətlə xidmət edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə