İran Parlamentinin spikeri Əli Laricaninin Azərbaycana səfəri başlayıb
Bu gün İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin Azərbaycana rəsmi səfəri başlayıb. SİA-nın məlumatına görə, səfər İran-Azərbaycan parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir. Laricani Azərbaycana Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə gəlib.
Onun rəhbərlik etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Jurnalistlərə açıqlama verən Laricani: "İranla Azərbaycan arasında əlaqələr digər ölkələrində olduğu kimi zahiri deyil, çox dərin və mənəvi köklərə əsaslanır. İran və Azərbaycan arasında tarixi bağlar və əlaqələr mövcuddur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu əlaqələr daha da möhkəmlənib", - deyə bildirib.
O, eyni zamanda vurğulayıb ki, Bakıda keçirəcəyi görüşlərdə dövlətlərarası əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi perspektivləri müzakirə olunacaq: "Həmçinin, bir sıra regional məsələlər müzakirə ediləcək".
Qeyd edək ki, Ə.Laricani səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. "İçərişəhər"də Azərbaycan tarixinin qədim dövrlərini əks etdirən abidələrlə də tanış olacaq. İran parlamentinin sədri Gəncə şəhərinə də səfər edəcək. Gəncədə iranlı qonaq Azərbaycan Səfəvi dövlətinin başçılarından olan Şah Abbasın adını daşıyan məscidi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin məzarı olan məqbərəni ziyarət edəcək, o cümlədən şəhərlə tanış olacaq.
Bundan əvvəl İran parlamenti rəhbərinin Azərbaycana səfəri fevrala planlaşdırılsa da, spikerin iş qrafikinin sıxlığı ilə əlaqədar səfər təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB