“Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda texniki seminar keçirilib
Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun aparatının binasında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi və Park İnn otelində BSTA Avropa şəbəkəsinin "Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma" mövzusunda texniki seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Prezident Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev, Moldova Respublikası Milli Sığorta Kassasının prezidenti Mariya Borta, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov və digərləri iştirak ediblər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün "BSTA"-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılışı barəsində danışıb. Sədr ilk öncə 6 il bundan əvvəl Bakıda miqrantlarla bağlı keçirilmiş konfransı və bu konfransda qəbul edilmiş "Bakı" bəyannaməsini yada salıb. Sədr onu da vurğulayıb ki, açılmış yeni regional mərkəz iki tərəfli münasibətlərin inkişafında müstəsna rol oynayacaq: "Qloballaşan dünyada miqrantların sayı günü-gündən artır. Biz bunu 6 il öncə "Bakı" bəyannaməsində qeyd etmişdik və bildirmişdik ki, bu yöndə ölkələr qanuni şəkildə mübarizə aparmalı və miqrantların sosial təminatlarını yaxşılaşdırmalıdırlar. Çox sevindirici haldır ki, "Bakı" bəyannaməsi öz müsbət nəticələrini verdi. Azərbaycanda da bu gün miqrantlarla əlaqədar bir çox işlər görülüb. Bir tək onu vurğulamaq kifayətdir ki, Azərbaycan Respublikası öz vətəndaşları qarşısında götürdüyü öhdəlikləri miqrantlar qarşısında da götürür və miqrantlar öz hüquqlarını qorumaqda öz vətəndaşlarımız kimi sərbəstdirlər. Eləcə də miqrantların pensiya ilə təmin olunması, onların fərdi hesablarının açılması və s. kimi tədbirləri əhatə edir". Bundan sonra Mehman Tağıyev bütün dünyada məşhur "BTSA"-nın növbəti seminarının Bakıda keçirilməsinin çox xoş bir hal olduğunu bildirib. Daha sonra M.Tağıyev bildirib ki, ölkədə ünvanlı sosial müavinatlar verilir və Azərbaycan Respublikasının keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluq 5 dəfə azalıb: \"Bu gün ölkədə ən aşağı məbləğdə pensiya alan vətəndaşın pensiyası 40% artırılıb. 6 il bundan öncə aktual olan məsələ bu gün daha aktualdır. Bu gün dünyada qlobal əmtəə, qlobal maliyyə bazarı ilə yanaşı, qlobal əmək bazarı da formalaşır. Ona görə də, miqrantlarla əlaqədar tədbirlər vaxtında və düzgün yerinə keçirilməlidir. Bu yöndə atılan önəmli addımlardan biri "icbari sığorta"dır ki, istehsalatda baş verən bədbəxt hadisələrdən işçiləri sığortalayır. Biz bu sahədəki fəaliyyətimizdə həm yerli, həm əcnəbi təcrübələrə əsaslanırıq və deməzdim ki, problemlər yoxdur, amma inanıram ki, qalan problemlər tez bir zamanda aradan qaldırılacaq".
Daha sonra çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Arzu Rəhimov qeyd edib ki, bu seminarın Azərbaycanda keçirilməsi Azərbaycanın bu mövzuya necə də həssas olduğunu göstərir. O bildirib ki, miqrasiya qitələrarası, ölkələrarası iqtisadi-sosial məsələrlə bağlıdır, çünki öz ölkəsində həyatını qura bilməyən insan, digər ölkədə həyatını qurur: \"Bu gün onu qeyd edə bilərik ki, 90-cı illərin əvvəllərində ölkəmizi tərk edən insanlar indi geri qayıdırlar. Bundan başqa ölkəmizə miqrantlar da gəlir. Bu barədə Prezidentimiz cənab İlham Əliyevin də gözəl bir sözü var. "Biz ölkəmizə gələn insanlara qapımızı açırıq, amma gərək onlar da bizim adət-ənənələrimizə, qanunlarımıza hörmət etsin".
Bundan sonra A.Rəhimov DMX-yə müracitə edən miqrantların 25%-nin fərdi əməklə məşğul olmaq istədiklərini bildirib.
Daha sonra çıxışına ölkəsi Moldovanın miqrantlarla iş üzrə təcrübəsi haqda tədbir iştirakçılarını məlumatlandırmaqla başlayan Mariya Bort son zamanlar həddən artıq həssas xüsusiyyət almış miqrasiya prosesinin həlli yolu haqda hazırladığı hesabatı təqdim edib. Mariya Bort bildirib ki, hesabatda maraqlı məqamlardan biri də odur ki, burada Ermənistanı son bir ildə 65 min insanın tərk etməsi göstərilib: "Ermənistanı son bir ildə tərk edən insanlar keçən ilə nisbətən 65 min insan çoxalıb ki, bu son bir ildə 38,7%-dən artıq göstərici deməkdir".
"Son zamanlar miqrantlar daha çox neft sektorunda işləməyə meyl edirlər. Buna baxmayaraq bir çox ölkələr həmin miqrantların sosial problemlərini həll etməkdə maraqlı deyillər. Amma yaxşı olardı ki, dövlətlər bir araya gəlib bu barədə müvafiq qanun qəbul etsinlər. Onda qeyri-qanuni miqrantların yaranmasının da qarşısı alınar. Bu barədə Rusiyanın Latviya, Litva ilə proporsionallıq prinsipi üzrə imzaladığı ikitərəfli sazişi göstərmək olar", deyə Bort bildirib. Bundan əlavə xanım Bort sabah belə bir sazişin Moldova və Azərbaycan Respublikası arasında da bağlanacağını deyib.
Bundan sonra tədbir miqrasiya sahəsində olan problemlərin müzakirəsi ilə davam edib və bu problemlərin həlli yolunun araşdırılması yönündə müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB