Azərbaycanda səfərdə olan Rusiyanın daxili işlər naziri Rəşid Nurqəliyev Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra o, azərbaycanlı həmkarı Ramil Usubovla görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, beynəlxalq terrorçuluq və ekstremizmin digər zorakı təzahürləri, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, nəzarətdən kənar miqrasiya və digər risklərə, təhlükələrə qarşı birgə fəaliyyətin prioritet məsələləri müzakirə olunub. Sərhəd bölgələrində ictimai asayişin qorunması və hüquq pozuntularına qarşı mübarizə məsələsinə də diqqət yetirilib.
Nazirlər son vaxtlar iki nazirlik arasında peşəkar əlaqələrinin daha da möhkəmləndiyini, yeni praktik məzmun, forma və metodlarla məqsədyönlü şəkildə zənginləşdiyini məmnunluqla qeyd ediblər. Bununla yanaşı, mühüm qabaqlayıcı operativ informasiyaların mübadiləsinin, bu informasiyaların vaxtında və hərtərəfli təhlili və reallaşdırılmasının təmin olunmasının vacibliyi vurğulanıb. Nəqliyyat və enerji infrastrukturu obyektlərinə qarşı qəsdlərdən etibarlı müdafiə probleminə də toxunulub.
Sonda nazirlər Azərbaycan və Rusiya daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB