İlham Əliyev: "Son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülüb"
Müasir silahlarla təchiz edilən, ən modern hərbi texnikalara malik olan Azərbaycan ordusunun hər an hərbi əməliyyatlara başlaya biləcəyindən ehtiyatlanan təcavüzkar Ermənistan artıq indidən məğlub olacağını başa düşdüyü üçün hazırda Dağlıq Qarabağ münaqişəsinin yenidən əsgəri müstəviyə keçməsinə hər vəchlə mane olmağa səy göstərir. Bu məqsədlə, erməni diasporu da zaman-zaman öz fəaliyyətini genişləndirməyə çalışır. Ermənistanın, eləcə də erməni diasporunun narahatlığına yol açan əsas məqamlardan digəri isə Azərbaycanın yönəltdiyi hərbi xərcləridir. Əslində, Azərbaycanın işğala məruz qalması və müdafiə qabiliyyətinin, daha da gücləndirilməsi baxımından hərbi xərclərini artırması təbii qarşılanmalıdır və bu istiqamətdə dövlətimiz tərəfindən davamlı işlər görülür. Təkcə Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət büdcəsi qədər olduğunu xatırlasaq, deyilənlərin nə qədər mühüm amil olduğunun şahidinə çevrilərik. Bütün bunlar isə qeyd olunduğu kimi, Ermənistanda böyük narahatlığa yol açıb.
Azad etmək hüququmuz...
Avropa Erməni Federasiyasının bir müddət bundan öncə ATƏT-ə ünvanladığı bəyanat da deyilənləri sübut edir. Bəyanatda Azərbaycanın hərbi xərclərini artırmasından, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünlüyünə dair səsləndirdiyi fikirlərdən ciddi narahatlıq ifadə olunur. Eyni zamanda, münaqişənin həllinin hərbi müstəviyə keçməməsi üçün ATƏT-in Minsk Qrupundan fəaliyyətini gücləndirmək və Azərbaycanı bu yoldan çəkindirmək xahiş olunur. Bununla yanaşı, Avropa Erməni Federasiyası ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməyəcəyinə dair Azərbaycandan təminat almasını da istəyib: "Biz Minsk Qrupu həmsədrlərinə müraciət edirik ki, Azərbaycanın hərbi çağırışlarını ciddi qəbul etsin və ATƏT-in Minsk Qrupu çərçivəsində gedən sonrakı danışıqlara qədər hücum etməmək barədə əsaslı təminat alsın". Artıq, bu, bir həqiqətdir və həmin həqiqət çərçivəsində ermənilərin Azərbaycanın hərbi gücündən qorxuya düşdüyü bariz şəkildə özünü sərgiləyir. Avropa Erməni Federasiyasının sədri Hilda Çoboyan da Azərbaycanın hərbi baxımdan kifayət qədər üstünlüyə malik olduğunu açıq etiraf edir. Ancaq o da faktdır ki, erməni diasporunun hərbi əməliyyatların yenidən başlanmaması üçün canfəşanlığına rəğmən, Azərbaycan işğala məruz qaldığına görə, istənilən vaxt zəbt olunmuş torpaqlarını geri qaytarmaq üçün öz hüququndan istifadə edə bilər. Çünki bu günə qədər qəbul edilən beynəlxalq normalar, konvensiyalar buna tam imkan verir.
Regionun ən güclü ordusu və ermənilərin etirafı
Yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycan ordu quruculuğu sahəsində də kifayət qədər ciddi nailiyyətlər əldə edib. Bunun nəticəsidir ki, Cənubi Qafqazda ən güclü ordunun, məhz Azərbaycana məxsus olması dünya, həmçinin, region dövlətləri tərəfindən də etiraf olunur. Azərbaycan ordusunun istər müasir hərbi texniki vasitələrlə, istərsə də digər bütün sahələr üzrə təminatının yüksək olması daha çox işğalçı Ermənistanda ciddi narahatlığa yol açıb və bu ölkədə Azərbaycanın zəbt olunmuş ərazilərini hərbi əməliyyatlarla geri qaytara biləcəyi əsil dəhşət kimi qəbul olunur. Lakin ermənilər onu da yaxşı bilirlər ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə görə, öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququna malikdir və rəsmi Bakı ən yüksək səviyyədə lazım gələrsə, bu hüquqdan istifadə edəcəyini dəfələrlə bəyan edib. Ali Baş Komandan, Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "...Atəşkəs sazişi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda, təbii ki, biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində, mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir".
Onu da bildirək ki, Ermənistanın ölkəmizin hərbi gücündən daha çox ehtiyatlanmasının əsas səbəblərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin, Hərbi Hava, Hərbi Dəniz Qüvvələrinin və Daxili Qoşunların birləşmə və hissələrinin davamlı olaraq, irimiqyaslı birgə, eləcə də ayrı-ayrılıqda keçirdikləri əməliyyat-taktiki təlimləri olub. Bu təlimlərdən sonra, hər dəfə Ermənistanda ciddi narahatlıq yaranır. Bu səbəbdən Ermənistanın bütün təbliğat maşını əsas diqqəti ona yönəldir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin hərbi əməliyyallar yolu ilə həlinə imkan verməsinlər. Erməni politoloq Suren Surenyan isə qeyd edib ki, Azərbaycan ordusu müasir hərbi avadanlıq və silahla təmin edilməsinə görə Ermənistanı xeyli üstələyir: "Bu gün Azərbaycan ordusunda elə silahlar var ki, bizdə onların bir nümunəsi belə yoxdur. Həmçinin, yaddan çıxmamalıdır ki, say etibarı ilə də Azərbaycan ordusu bizim silahlı qüvvələri üstələyir. Maddi təminat baxımından da vəziyyət bizim xeyrimizə deyil. Bu gün Ermənistan rəhbərliyi ordunu elə hala salıb ki, bura daha çox rüşvətxorluq, cinayət mənbəyinə çevrilib".
Belə ordu ilə Azərbaycanın qarşısında duruş gətirməyin çətin olduğunu etiraf edən erməni başbilənləri Ermənistanın bu vəziyyətdən əsas çıxış yolunun Dağlıq Qarabağ münəqişəsi ətrafında danışıqlar yolu ilə tərəqqiyə nail olunmasında görür. Onlar digər amili də önə sürürlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistan müstəqil dövlət ola bilməz. Çünki yaranmış çətin vəziyyətdən çıxmaq üçün ölkənin heç bir resursu yoxdur. Bundan əvvəl Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da qeyd edib: "Sarkisyan da yaxşı bilir ki, ac-yalavac Ermənistan ordusunu, ən müasir avadanlıqlarla təchiz edilmiş nizamlı Azərbaycan ordusu ilə müqayisə etmək belə, mümkün deyil".
Real vəziyyət də onu göstərir ki, bütün əsas sahələr üzrə Azərbaycan ordusu günü-gündən gücləndiyi halda, Ermənistan silahlı qüvvələrində tamamilə əks proses gedir. Maddi təminat baxımından indiyə kimi kifayət qədər ciddi çətinliklərlə üzləşən Ermənistan ordusuna artıq çağırışçı çatışmazlığı da qabarıq şəkildə özünü büruzə verməyə başlayıb. Nüfuzlu "Eurasianet" portalında bu barədə yer alan məqalədə deyilir ki, Ermənistanda hərbi xidmətdən azad olunmalarla bağlı güzəştlər, eləcə də demoqrafik vəziyyət çağırışçı çatışmazlığı probleminə səbəb olub. Ermənistan ordusunun generalı Kamo Koçunts isə deyib ki, demoqrafik problemi aradan qaldırmaq üçün ordunun müqaviləli heyətlə əvəzlənməsinə ehtiyac var. Lakin Ermənistan ordusunda vəziyyət kifayət qədər acınacaqlı olduğundan buraya müqaviləli heyətin cəlb olunacağının özü sual altındadır. Belə vəziyyətdə Azərbaycanın hərbi gücü qarşısında Ermənistanın tab gətirə bilməsinin mümkünsüzlüyü işğalçı ölkədə də yaxşı başa düşülür.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB