Asif Əsgərli: “Ermənistan üçün ABŞ və digər dövlətlərdən daha çox Rusiyanın sözü keçərlidir”- MÜSAHİBƏ (SƏS TV)
Politoloq Asif Əsgərlinin SƏS TV-yə müsahibəsi:
- Avropa Şurası Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin ilk iclasında iştirak etməyib. Bu hərəkət Ermənistanın konstruktiv dialoqa hazır olmadıqlarının göstəricisi sayıla bilərmi?
- Ermənistan nümayəndə heyətinin bu kimi hərəkətləri beynəlxalq təşkilatların işini pozmağa yönəlib. Bu öz növbəsində rəsmi İrəvanın konstruktiv dialoqa hazır olmadığının bariz nümunəsidir. Ermənilər dəfələrlə bu komitənin işinə ehtiyac duymadıqlarını bildiriblər. Hətta vaxtilə bu komitənin yaradılmasında AŞPA-nın fəaliyyətdə olan prezidenti Mövlud Çavuşoğlunun rəhbərlik etməsinə qısqanclıq hissi ilə yanaşırdılar. M. Çavuşoğlu da öz bəyanatında çıxış edərək vurğulayıb ki, alt komitə yaradılmalı və quruma üzv olan münaqişə tərəflərinin millət vəkilləri komitənin iclasında iştirak etməlidir. Onu etiraf edək ki, Ermənistandan bu hərəkəti gözləyirdik.
- AŞPA Ermənistanın bu hərəkəti ilə bağlı niyə hər hansı bir sanksiya tətbiq etmir?
- Bu qurumun Azərbaycanın işğal olunan əraziləri ilə bağlı bir neçə qərarları olub. Dağlıq Qarabağ münaqişəsi üzrə yaradılan alt komitə münaqişə tərəfləri arasında hər hansı bir dövlətin tərəfini tutmağı özləri üçün qeyri-ədalətsiz hal kimi qəbul edirlər. Buna görə konkret qərar qəbul etməkdə acizlik çəkirlər.
- Bu ikili standartlardan irəli gəlmir?
- Bəli, bu ikili standartlardan olmasından və Avropanın və beynəlxalq aləmin münaqişəyə düzgün yanaşmamasından qaynaqlanır.
- İyulun 15-də Avropa İttifaqının yaydığı bəyanatda Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiqlənmiş oldu. Ermənistan isə işğalçı dövlət kimi qəbul edildi. Lakin bütün bunlara baxmayaraq beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edərək yalnız qərar verməklə kifayətlənirlər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Avropa İttifaqı çox böyük qurumdur. Bizi narahat edən amillərdən biri də qərarların elə qərar olaraq qalmasıdır. Azərbaycan rəsmiləri dəfələrlə bəyan edirlər ki, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı 1 saat ərzində qərar qəbul edilir. Lakin Azərbaycanla bağlı qəbul edilən qətnamələrin həyata keçirilməsində səhlənkarlıq faktoru özünü açıq-açkar büruzə verir. Bu da onu göstərir ki, avropalı rəsmilər yalnız qərar qəbul etməklə kifayətlənirlər. Onlar elə düşünürlər ki, qərar qəbul etdikdən sonra məsələnin həllini hər iki dövlətin ixtiyarına buraxaq. Ancaq onu qeyd edim ki, bu yanlış fikirdir. Qərarın konkret nəticələri olmalıdır.
- Beynəlxalq qurumlar qəbul etdikləri qanun və qətnamələrin icra olunmasında nəyə görə acizlik nümayiş etdirirlər?
- Burada bir neçə amil əsas rol oynayır. Belə ki, qanun və qətnamələrin icra olunmasında Avropa dövlətlərinin siyasi iradəsi və gücü birgə həyata keçirilməlidir. Digər tərəfdən də bu məsələyə yanaşma düzgün həyata keçirilmir. Yenə də deyirəm ki, onlar elə zənn edirlər ki, hər hansı dövlətin tərəfini tutmaq tərəfkeşlik olar. Buna görə də hansısa qərarın qəbul olunmasında əzmlə iştirak etmirlər. Ümummilli lider Heydər Əliyevin bu problemə məhz Dağlıq Qarabağ münaqişəsi adını qoyması onu göstərir ki, bu məsələ məhz Qarabağda baş verən münaqişədir. İstərdik ki, bu məsələyə sırf Azərbaycanın işğal olunan ərazisi kimi baxılsın.
- Avropa İttifaqının məlum qətnaməsi və Ermənistanın AŞPA-nın alt komitəsinin iclasına qatılmaması prezidentlərin Kazan görüşünə ümidləri nə dərəcədə doğrulda bilər?
- Son zamanlarda baş verən hadisələr Ermənistanın təzyiqlərlə üzləşdiyini göstərir. Bu hadisələr də bir növ bizim xeyrimizədir. Digər qurumların verdiyi qərarlarla yanaşı Ermənistanın yenidən hər hansı pozuculuq fəaliyyəti etməyəcəyinə zəmanət verə bilmərik.
- Ermənistan münaqişənin həllində hansı dövlətin "işarəsini" gözləyir?
- Bilirik ki, Ermənistan heç bir qərarı tək qəbul etmir. Bu məsələ də ona Rusiya dəstək verir. Ermənistan üçün ABŞ və digər dövlətlərdən daha çox Rusiyanın sözü keçərlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB