Baş tutmayan mitinqin şadyanalığı, yaxud yalan xarici təşkilatların nəyinə lazımdır? – REPLİKA

Baş tutmayan mitinqin şadyanalığı, yaxud yalan xarici təşkilatların nəyinə lazımdır? – REPLİKA

İyunun 19-da hamı üçün istirahət günü olsa da jurnalistlər üçün əsl cəhənnəm idi. Söhbət heç də peşə borcumuzu yerinə yetirməkdən getmir. Bu bizim işimizdir. Amma hadisənin baş verəcəyini uzun-uzadı gözləyəsən və sonra məlum ola ki, səbəbkarlar gəlməyəcək, nəticədə aksiya baş tutmayacaq onda fövtə verdiyin həmin saatlara heyifin gəlir.

... Artıq neçənci dəfədir ki, müxalifət partiyalarından formalaşmış İctimai Palata (İP) adlı qurum mitinq gününü elan edir, tərəfdarlarını küçələrə çıxarmağa çalışır, amma it də gedir, İP də. Heç kim onların çağırışına məhəl qoymur. Gələnlər də ya təsadüfən, ya da aldanaraq aksiyanın keçirilməsi elan edilən yerdə peyda olanlar olur. Düzdür, asayiş keşikçiləri öz vəzifə borcunu yerinə yetirərək icazəsiz yerlərdə mitinqlərin, küçə yürüşlərinin keçirilməsinə icazə vermir. Ona görə də əksər hallarda həmin təsadüfi adamlarla polis arasında qısa "dialoq" baş verir. Nəticədə hər şey yoluna qoyulur, "təsadüfi"lər hadisə yerindən kənarlaşdırılırlar. Amma...

Bu "əmma" olmasaydı daha yaxşı olardı. İP hadisələri təhrif edərək bütün tərəfləri aldadır, guya "etiraz aksiyaları çox möhtəşəm keçib", "yüzlərlə İP-çi küçələrə axışıb", "İqtidarın sonu çatıb" və s. Bu yalanların əlbəttə, maraqlı təşkilatların, xarici donorların kisələrinə hesablanmış bir hesabat olduğu bəllidir. Amma niyə və nə üçün həmin təşkilatlar belə yalanlarla baş dolandırırlar? Nə üçün həqiqəti görmək istəmirlər? Niyə bircə dəfə pul verdikləri İP-çilərə bir dəfə düz yol göstərib dövlət qurumları ilə münaqişəyə getməməyə, icazə verilmiş yerlərdə mitinq keçirməyə çağırmırlar? Ona görə ki, nə İP-çilərə, nə də donorlara bu sərf etmir.

Qayıdaq ayın 19-da baş verəcəyi ehtimal olunan hadisələrə. On gün öncədən İP-çilər qəzetlərdə belə bir elan verirdilər ki, bəs iyunun 19-da "Nərimanov" kiniteatrının qarşısındakı bağda İP-in möhtəşəm mitinqi olacaq, özü də icazəsiz. Bəs nə oldu? Məşhur bir filmdə deyildiyi kimi, "Hanı Peykanlının mərdi". İP-in başında duranların aksiyaya qatılmayacaqları hamıya bəlli idi. Çünki xəbər gəlmişdi ki, "jüri"nin bütün üzvləri dağlara çəkiliblər, yəni istirahətdədirlər. Onların bu əməlləri digərlərinə də yoluxdu, demək olar ki, 5 saat ərzində təyin olunmuş yerdə bircə nəfər də İP-çi görünmədi. Əvəzində jurnalistləri və asayiş keşikçilərini əməllicə yordular. Həmkarlarımızdan biri zarafatla bildirdi ki, gəlin qəzetlərin manşetinə belə bir başlıq çıxaraq: "Jurnalistlərin aksiyası baş tutmadı". Həqiqətən belə idi, biz jurnalistlərdən başqa kimsə gözə dəymədi. 50-60 media nümayəndəsi boş-boşuna gün keçirdiklərinə çox heyfsiləndilər.

Müxalifət mətbuatı isə qırmızı-qırmızı yalanlar uydurmağa başladılar. "Mitinq belə getdi", "meydan lərzəyə gəldi", "polis hücuma keçdi", "onlarla həbs olunan var", daha nə, nə. Axı bu hadisələr bütün mətbuatın gözü qarşısında baş verib. Kim idi həbs olunanlar? Niyə biz onları görmədik? Bu yalanlar kimə lazımdır? Əgər sizə yalanın əvəzində para lazımdırsa, onda düzünü yazın biz sizə maaşlarımızı yığıb verək, təki Azərbaycanımızın imici iki qotur xarici təşkilatın ağzında çeynənməsin.


Bütün xəbərlər Facebook səhifəmizdə