Qənirə Paşayeva: “Avropa Şurası Ermənistanın sayğısızlığına artıq yetər deməlidir”

Qənirə Paşayeva: “Avropa Şurası Ermənistanın sayğısızlığına artıq yetər deməlidir”

\"Bu həftə Ermənistan prezidenti Serj Sarkisyan AŞPA qarşısında çıxış edəcək. Minlərlə günahsız azərbaycanlının qətlində əli olan, bu qətliamlarda birbaşa iştirak edən, Avropa Şurasının prinsiplərini pozaraq bu təşkilatın üzvü olan Azərbaycanın torpaqlarını 15 ildən artıqdır ki, işğalda saxlayan, 1 milyona yaxın insanın öz evinə dönməsinə imkan verməyən bir şəxsin insan haqlarının müdafiəsi dəyərləri üzərində qurulmuş bir təşkilatda çıxış etməsini görmək nə qədər üzücü və təəssüfdoğurucu bir mənzərə olsa da, biz ümid edirik ki, təşkilatın rəhbərliyi və siz Ermənistan Prezidenti ilə görüşlərdə və suallarınızda ondan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələri yerinə yetirməsini, Alt komitənin işinə mane olmamasını, 15 ildən artıqdır ki, evinə dönə bilməyən 100 minlərlə azərbaycanlının öz evinə dönməsinə imkan verməsini, qəbiristanlıqların dağıdılmasının dayandırılmasını tələb edəcəksiniz". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva polşalı deputat Dariusz Lipinski tərəfindən hazırlanan AŞ PA-nın Proqres hesabatı ilə bağlı keçirilən müzakirələrdə deyib: "Bilirsiniz ki, Assambleyanın qərarı ilə Dağlıq Qarabağ üzrə alt komitə yaradılıb. Biz bu komitənin yaradılmasını dəstəkləyirik və komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrə və dialoqa hazır olduğumuzu bildirmişik. Çünki biz bu münaqişənin tənzimlənməsində, həll olunmasında maraqlıyıq. Amma Ermənistan nümayəndə heyəti Assambleya və Büronun qərarının əleyhinə çıxaraq onun işində iştirakdan imtina edir. Bu, əslində Assambleyanın qərarlarına bir hörmətsizlik olmaqla yanaşı, Ermənistan tərəfinin münaqişənin tənzimlənməsi istiqamətində heç bir addım atmaq niyyətində olmadığını, bu istiqamətdə dialoq və müzakirələri istəmədiyini göstərir. O üzdən biz Avropa Şurası Parlament Assambleyası rəhbərliyindən bu məsələ ilə bağlı sərt mövqeyin ortaya qoyulmasını gözləyirik. Avropa Şurası bu cür sayğısızlığa artıq yetər deməlidir"

O, qurum üzvlərinə təmas xəttində mövcud olan vəziyyətlə bağlı geniş məlumat verib: "Mən Ermənistanla sərhəd bölgələrini təmsil edən bir millət vəkili kimi sizin hamınızı həqiqətləri yerində görmək üçün bölgəmə dəvət edirəm. Siz özünüz Ermənistan Silahlı Qüvvələrinin snayperlərlə hədəfə alaraq qətlə yetirdikləri uşaqların yaxınlarını, qadınların və yaşlıların yaxınlarını gördüyünüz zaman, 15 ildən artıqdır ki, öz evinə dönə bilməyən insanlarla danışdığınız zaman, yaxınları hələ də Ermənistanda əsir və girovluqda saxlanılan insanlarla görüşdüyünüz zaman gördükləriniz mənzərə sizi dəhşətə gətirəcək. O insanlar sizləri ədaləti dəstəkləməyə çağırırlar. Onlar ümid edirlər ki, siz öz görüşlərinizdə və suallarınızda Ermənistan Prezidentindən bunlara son qoyulmasını tələb edəcəksiniz. Bununla, siz fundamental insan haqları pozulan 100 minlərlə insanın yanında olduğunuzu göstərə və onlarda təşkilata və gələcəyə böyük ümid və inam hisslərini yarada bilərsiniz və onlar sizdən məhz bunu gözləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə