DİN Bakıda xarici ölkə vətəndaşlarının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb
Azərbaycanın Daxili İşlər Nazirliyi Böyük Britaniya və ABŞ vətəndaşlarının Bakıda döyülməsi ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın Nazirliyin mətbuat xidmətindən aldığı məlumata görə, iyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Devies və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub.
Bununla əlaqədar həmin gün İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib.
Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün DİN-nin və Bakı Şəhər Baş Polis İdarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülən işlər DİN rəhbərliyinin nəzarətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB