XIII Ümumdünya Rus Mətbuatı Konqresi öz işinə başlayıb - FOTOSESSİYA
Kiyevdə XIII Ümumdünya Rus Mətbuatı Konqresi (ÜRMK) öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, Konqresdə Ukrayna Prezidenti Viktor Yanukoviç də iştirak edib. O, aparılan islahatlardan və ölkənin modernləşdirilməsindən danışıb.
Ukrayna prezidentinin sözlərinə görə, ötən il islahatlar yeddi istiqamətdə aparılıb, bu il isə onlar 14 istiqamətdə həyata keçiriləcək. "Ukrayna demokratik cəmiyyətin inkişafı üçün yaxşı şərait yaradıb, o cümlədən bu yaxınlarda "İctimai informasiyanı əldə etmək haqqında" qanun qəbul edilib", - Yanukoviç bildirib.
Həmçinin, konqresdə YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub. Məktubu Rusiyanın YUNESKO yanında daimi nümayəndəsi Eleonora Mitrofanova oxuyub. Bokova öz təbrik məktubunda ÜRMK-nın fəaliyyətinin rus dilinin inkişafında mühüm töhfə olduğunu qeyd edib. Onun sözlərinə görə, ÜRMK nüfuzlu beynəlxalq təşkilata çevrilib. Bokova ÜRMK prezidenti Vitali İqnatenkonun fəaliyyətini yüksək qiymətləndirib və qarşıda bu təşkilatın hələ bir çox işlər görəcəyinə ümidini ifadə edib.
Konqresdə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin də çıxış edib. O, rus dilinin inkişafında ÜRMK-nın böyük xidmətləri olduğunu qeyd edib. "Rus dili millətlərarası ünsiyyət dili olaraq qalır", - Narışkin bildirib.
Onun sözlərinə görə, Ukrayna paytaxtı ikinci dəfə dünyanın bir çox ölkələrindən rusdilli KİV nümayəndələrini birləşdirən forumu qəbul edir. "Forum təcrübə və yeni ideyalar mübadiləsi, birgə perspektiv layihələrin müzakirəsi üçün yaxşı meydan olaraq qalır", - o qeyd edib.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri bildirib ki, Ukrayna rus dilində nəşr olunan kitabların və rusdilli KİV-in sayına görə MDB-də liderlərdən biridir. Qiymətləndirmələrə görə, rus dilindəki qəzet və jurnalların ümumi tirajı 32 milyon nüsxə təşkil edir. Böyük tirajlı rusdilli KİV, kitab nəşri və rus dilində təhsil Ukrayna cəmiyyətinin, hər şeydən əvvəl, gənclərin imkanlarını genişləndirir, Rusiya və MDB ölkələrinin informasiya məkanında istiqamətlənməyə kömək edir.
Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin təbrik teleqramını oxuyub. "Konqres Böyük Vətən müharibəsinin 70-ci ildönümündə keçirilir və bu mənada belə hadisələr üzrə məlumat bazasının yaradılması haqqında qərarın qəbul edilməsi çox vacibdir", - Medvedevin təbrik məktubunda deyilir. Daha sonra Narışkin RF rəhbərliyi adından bəzi rusdilli KİV-lərə mükafatlar təqdim edib. Sabah konqres öz işini Odessada davam etdirəcək.
ÜRMK-nın növbəti iclası İtaliyada, eləcə də Roma, Neapol və Kapri şəhərlərində keçiriləcək.
Azərbaycandan konqresdə Trend BİA-nın baş direktoru İlqar Hüseynov, Trend BİA-nın baş direktorunun müavini Paşa Kəsəmənski, "Exo" qəzetinin baş redaktoru Rauf Talışınski, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz və başqaları iştirak edirlər.






Qeyd: Məqaləyə aid şəkillər "Trend"dən götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB