Əli Əhmədov: “Azərbaycandakı xarici diplomatların İctimai Palatanın üzvləri ilə mitinq ərəfəsində görüşmələri təsadüfə oxşamır” - MÖVQE

Əli Əhmədov: “Azərbaycandakı xarici diplomatların İctimai Palatanın üzvləri ilə mitinq ərəfəsində görüşmələri təsadüfə oxşamır” - MÖVQE

"Biz prinsip etibarı ilə müxalifətlə dialoqun tərəfdarıyıq. Bu mövqeyimizi sadəcə sözdə deməmişik, həm də dəfələrlə hərəkətlərimizlə sübuta yetirmişik. Əgər Azərbaycan cəmiyyəti müxalifətin radikal qanadını dəstəkləsəydi, Yeni Azərbaycan Partiyası onlarla dialoqun tərəfdarı olardı". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Əli Əhmədov həmçinin iyunun 10-da Müsavat Partiyasının qərargahında bir qrup diplomatın İctimai Palatanın təmsilçiləri ilə görüşünə də toxunub: "Bu cür görüşlər iqtidar-müxalifət dialoqunun yaranmasına xidmət edəcəyinə şübhə ilə yanaşıram. Mən heç də o fikirdə deyiləm ki, müxalifətin radikal qanadının ayrı-ayrı beynəlxalq təşkilatların və ölkələrin səfirliklərinin nümayəndələri ilə görüşmələrində məqsəd dialoq məsələlərini müzakirə etməkdir. Bəlkə də onlar başqa məsələləri müzakirə etməyə toplaşırlar. Özü də bu görüşlər onların təyin etdiyi mitinq ərəfəsində olur. Bilmirəm təsadüfdür, yoxsa yox... Ancaq təsadüfə heç oxşamır. Müxalifət hər şeydən əvvəl ölkə vətəndaşlarının dəstəyinə arxalanmalıdır. Kənardan verilən dəstəklə hər hansı müxalifətin ölkənin maraqlarını təmsil etmək imkanları yoxdur. Kənardan verilən dəstəklərin hansı nəticələrə gətirib çıxardığını görmək üçün uzağa getməyə ehtiyac yoxdur: İraq, Əfqanıstan və digər ölkələr göz qabağındadır".

Ə.Əhmədov Müsavat Partiyasının qərargahında bir qrup diplomatın İctimai Palatanın nümayəndələri ilə görüşündə Türkiyənin Azərbaycandakı səfirliyinin təmsilçisinin iştirak etməsindən isə xəbərsiz olduğunu bildirib: "Əgər iştirak edibsə də, mən güman etmirəm ki, həmin şəxs Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun gəlməyən hər hansı hərəkətə rəvac vermiş olsun".

Əli Əhmədov eyni zamanda İctimai Palatanın iyunun 19-na təyin etdiyi aksiyaya da münasibət bildirib: "Birmənalı şəkildə bildirirəm ki, Azərbaycanın istənilən guşəsində, o cümlədən Bakı şəhərinin istənilən yerində razılaşdırılmamış aksiya keçirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Ola bilsin ki, müxalifətin radikal qanadını ölkədəki ictimai-siyasi sabitliyi pozmağa sövq edən qüvvələr mövcuddur. Belə bir fikri səsləndirmək üçün əsaslar da var. Yayın bu qızmar vaxtında mitinq keçirməyə cəhdlər göstərilməsi tamamilə başqa niyyətlərdən xəbər verir . Müxalifət tərəfindən ölkənin ictimai-siyasi sabitliyini pozmaq istiqamətində cəhdlər ilk növbədə Azərbaycan cəmiyyəti tərəfindən kəskin tənqid edilir. Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik mövcuddur, ölkə vətəndaşlarının hər biri bu sabitliyin faydasını görür. İnanıram ki, Azərbaycan cəmiyyəti müxalifətin razılaşdırılmamış aksiya cəhdinə dəstək verməyəcək. Onların bu cəhdi də iflasa uğrayacaq. Azərbaycan cəmiyyətinin mitinq əhval-ruhiyyəsini qəbul etmir. Müxalifətçilik yalnız və yalnız küçələrə çıxmaq deyil. Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi konstruktiv mövqedə dayanaraq Azərbaycan cəmiyyətinin ayrı-ayrı kəsimlərinin maraqlarını ifadə etməyə çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə