Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Türkiyə Böyük Millət Məclisinə deputat seçilib

Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Türkiyə Böyük Millət Məclisinə deputat seçilib

Türkiyədəki Azərbaycan diasporunun liderlərindən biri, Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi idi. MHP-nin S.Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib.

Xatırladaq ki, əslən azərbaycanlı olan S.Oğan 1967-ci ildə İqdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən S.Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. Onun iştirakı ilə Türkiyədə 20 yanvar, Xocalı soyqırımı, 1918-ci mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxlu sayda tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarını daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün TAD diaspor təşkilatını yaradıb.

TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirib.

Seçki ərəfəsində keçirdiyi çoxsaylı görüşlərdə Sinan Oğan dəfələrlə bayan edib ki, parlamentə seçiləcəyi təqdirdə Türkiyə ilə yanaşı Azərbaycanın maraqlarını qoruyacaqdır. Sinan Oğanın seçki platformasının əsasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Metsamor AES-in bağlanması, eləcə də İqdırda mövcud olan bir sıra iqtisadi-sosial problemlərin həlli təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə