ADU-da 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib

ADU-da 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib

İyunun 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev bildirdi ki, müstəqil Azərbaycanın tarixində əhəmiyyətli rol oynayan bir çox günlər var. Belə günlərdən biri də 15 iyun Milli Qurtuluş günüdür. XX əsrin 90-cı illərində Azərbaycandakı siyasi vəziyyətin olduqca mürəkkəb olduğunu xatırladan Ə. Əliyev həmin dövrdə dövlətçiliyimizin məhv olmaq təhlükəsi altında olduğunu bildirdi. Ölkə üçün ağır günlərdə dəfələrlə ziyalıların böyük siyasətçi Heydər Əliyevə müraciət etdiklərini dedi: "Ziyalılar, o cümlədən universitetin 300 nəfər professor-müəllim heyəti Heydər Əliyevi hakimiyyətə dəvət etmək barədə müraciətə imza atmışdılar." Həmin dövrlərdə bir tərəfdən iqtidarda olan qüvvələrin naşılığı, digər tərəfdən də Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü torpaq iddialarının Azərbaycan xalqında bədbinlik yaratdığını deyən prorektor məhz belə anlarda hakimiyyət səviyyəsində Heydər Əliyevin Bakıya dəvət edilməsi ilə nəticələndiyini söylədi. Ə. Əliyev xatırlatdı ki, çoxsaylı təkidlər nəticəsində 1993-cü ilin iyunun 9-da Bakıya gələn H. Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və həmin gün tarixə Milli Qurtuluş günü kimi daxil oldu.

Ələddin Əliyev Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri kimi gördüyü fəaliyyətdən də bəhs etdi.

1 saylı İngilis dili fakültəsinin dekan müavini Asif Abbasov 15 iyunu rəmzi gün kimi xarakterizə etdi. O, dedi ki, hadisələrin şahidi olan hər bir vətəndaş həmin hadisələri bütün dolğunluğu ilə gənc nəslə təlqin etməlidirlər.

Regionşünaslıq kafedrasının baş müəllimi Emil Qasımov bildirdi ki, 1993-cü ilə qədər 15 iyun tarixi Azərbaycan xalqı üçün adi təqvim günlərindən biri idi: "1993-cü ildən sonra isə Azərbaycan xalqının yaddaşında 15 iyun tarixi xüsusi olaraq dərin və əbədi iz saldı". 1993-cü ilin qaynar iyun günlərinə ekskurs edən E. Qasımov qeyd etdi ki, 15 iyunun Milli Qurtuluş günü kimi tariximizə daxil olması bir daha sübut edir ki, müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevdir.

Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov isə dedi ki, qazanılan müstəqilliyimiz məhz Heydər Əliyevin siyasəti və müdrikliyi sayəsində qorunub saxlanılıb və daha da güclənib.

Qeyd edək ki, tədbirdə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə