“Ergenekon” və “Balyoz” planı ilə bağlı həbs olunan 9 nəfər millət vəkili seçilib

“Ergenekon” və “Balyoz” planı ilə bağlı həbs olunan 9 nəfər millət vəkili seçilib

Türkiyədə keçirilən parlament seçkilərində hazırda həbsdə saxlanılan, lakin barələrində hələlik məhkəmə hökmü olmayan 9 nəfər millət vəkili seçilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Ergenekon" işi üzrə həbs edilmiş tanınmış jurnalist Mustafa Balbay və Ankaradakı Başkənt Universitetinin qurucusu və keçmiş rektoru Mehmet Haberal Cümhuriyyət Xalq Partiyasının (CHP) siyahısından parlamentə düşüblər. M.Balbay İzmirdən, M.Haberal isə Zonquldağdan millət vəkili mandatı qazanıb.

"Balyoz" hərbi çevriliş planı ilə bağlı istintaq çərçivəsində həbs edilmiş istefada olan general Engin Alan Milliyyətçi Hərəkat Partiyasının (MHP) siyahısı üzrə İstanbuldan millət vəkili seçilib.

Etnik kürdlərin Barış və Demokratiya Partiyasının (BDP) namizəd göstərdiyi 6 məhbus da mandat əldə edib. Belə ki, PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı yaxalanan Xətib Diclə Diyarbəkirdən, Gülsər Yıldırım Mardindən, İbrahim Ayhan Şanlıurfadan, Kamal Aktaş Vandan, Səlma İrmak və Faysal Sarıyıldız isə Şırnakdan millət vəkili seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə