“Gənclər: professionallıq və şəxsi inkişaf” mövzusunda debat keçirilib

“Gənclər: professionallıq və şəxsi inkişaf” mövzusunda debat keçirilib

Bu gün Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkili ilə "Gənclər: professionallıq və şəxsi inkişaf" mövzusunda debat keçirilib. SİA-nın xəbərinə görə, debatların keçirilməsində məqsəd gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakın təmini, nəzəri biliklərinin artırılması üçün şəraitin yaradılması, diskussiya bacarığı və mədəniyyətinin inkişaf etdirilməsidir.

Debatlar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsinin rəis müavini Xaliq İlyasov bildirib ki, bu ilin oktyabr ayında gənclər üçün karyera məsləhəti üzrə mərkəzlər yaradılacaq. Onun sözlərinə görə, mərkəzlərə daha çox 14-17 yaş arasında gənclər cəlb olunacaq və onlara ixtisas seçimi, gələcək fəaliyyətləri barədə məsləhətlər veriləcək. O, qeyd edib ki, karyera məsləhəti üzrə vahid mərkəzlər ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində yaradılacaq.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ruslan Abdullayev Azərbaycanda əhalinin 65 faizini uşaq və gənclər təşkil etdiyini söyləyib: "Əhalinin 32 faizini, yəni 2.9 milyon nəfərini 14-29 yaş arasında olan gənclər təşkil edir". O, qeyd edib ki, cəmiyyətin əsas hissəsini təşkil edən gənclərin ölkədə baş verən ictimai-siyasi proseslərə fəal və obyektiv müdaxiləsi mühümdir.

Debatların əsas mövzusu hazırlanan \"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı\"nda əks olunan gənclərin məşğulluq məsələləri və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə