Qabil Hüseynli: "Beynəlxalq qurumlar çalışır ki, nəhayət, status-kvonu dəyişdirmək üçün sülh danışıqlarının baza prinsplərini tətbiq etsinlər" - MÖVQE
Artıq beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha yaxından maraqlanmağa başlayıb. Böyük səkkizlərin zirvə sammitində keçirilən üçtərəfli görüş zamanı həmsədr dövlət başçılarının (ABŞ, Rusiya və Fransa) yaydıqları Dovil bəyanatında bu, bir daha öz təsdiqini tapdı.
Politoloq Qabil Hüseynli Kazan görüşü ərəfəsi Rusiyanın bəzi siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesində xoşagəlməz siyasi xətt tutduğunu vurğulayıb: "Rusiya prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasında maraqlı fiqur olduğu hiss olunur. Beynəlxalq aləm də problemin həllinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. Lakin açıq-aşkar görünür ki, Rusiyanın bəzi siyasi dairələri münaqişənin uzanmasına maraq göstərirlər. Hətta KTMT-nin İrəvan görüşündə qurumun baş katibi Nikolay Bordyuja da Ermənistanın xahişinə əsasən Azərbaycan dövlətinin maraqlarına zidd olan fikirlər səsləndirdi".
Azərbaycan-Rusiya münasibətlərinə toxunan politoloq vurğulayıb ki, Dimitri Medvedevin Dağlıq Qarabağ münaqişənin həlli istiqamətindəki səmimiyyəti şübhə doğurmasa da, əks mövqeləri müdafiə edən Rusiya siyasi dairələri var. Yəni bir tərəfdən Rusiyanın bəzi dairələri Azərbaycan maraqlarını müdafiə edir, digər tərəfdən isə, qara piar aparmağa başlayırlar.
Q.Hüseynli bildirib ki, siyasi bəyanatlar verməyə heç bir səlahiyyti olmayan yalnız peşəkar fəaliyyətlə məşğul olmalı olan generaların münaqişənin həlli ilə bağlı hədələyici bəyanat yaymaları onu göstərir ki, onların arxasında Rusiya siyasi elitasının nüfuzlu qüvvələri dayanır. Və onlar problemin həllini uzadır, yaxud da elə bir həll variantı axtarırlar ki, Ermənistan maraqlarını müdafiə edən həll variantı axtarırlar. Təbii ki, bu dəsti-xətti nəzərə alanda Kazan görüşü barəsində o qədər də nikbin olmayan proqnozlar formalaşmağa başlayır. Çünki məsələni mürəkkəbləşdirən bir çox siyasi qüvvələr də vardır. Təbii ki, bu siyasi qüvvələr içərisində Rusiyanın siyasi elitasındakı müəyyən dairələr xüsusi fəallıq göstərirlər. Bu fəallıq Kazan görüşü ətrafında daha da artıb.
Politoloq Q.Hüseynli ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinə də toxunub: "ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin mövqeyində dəyişikliyin olduğu hiss olunur. Fransalı həmsədr də əvvəlki mövqeyindən fərqli olaraq, məsələyə daha konstruktiv yanaşır. Lakin ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri bir qədər tərəddüdlü mövqedədir. Bilmir Rusiya prezidenti D.Medvedevin, yoxsa Rusiyanın bəzi hakim siyasi elitasının tapşırığını yerinə yetirsin. Amma bütün hallarda hörmətli həmsədrlər bu dəfə əvvəlki mövqelərindən fərqli olaraq, daha qətiyyətli və inamlı görünürlər"
Politoloq fərqli siyasi baxışların prezidentlərin Kazan görüşünə bir stimul verəcəyini vurğulayıb . Bildirib ki, ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində daha ciddi səylər ortaya qoyacaqlarını söz veriblər.
Q.Hüseynli əlavə edib ki, Kazan görüşünün əsas məqsədi və məramı sülh sazişinin çərçivə və ya təməl prinsiplərini işləyib hazırlamaqdan ibarətdir. Böyük dövlətlər və sülh istəyən beynəlxalq qurumlar çalışır ki, nəhayət, status-kvonu dəyişdirmək üçün sülh danışıqlarının baza prinsplərini tətbiq etsinlər.
AYLANA RZAYEVABütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB