Fəzail Ağamalı: "Azərbaycan bayrağının Xankəndində dalğalanacağı günə çox az zaman qalıb" - MÖVQE
İşğalcı Ermənistanda Serj Sarkisyanın hakimiyyətə gəldiyi gündən indiyə qədər vaxtaşırı hökumət əleyhinə kütləvi mitinqlər, aksiyalar keçirilir. Bu, artıq təcavüzkar Ermənistanda adi bir hala çevrilib. Qəti şəkildə erməni ictimaiyyəti Sarkisyanın hakimiyyətdən getməsini tələb edir. Ölkə iqtisadiyyatının iflasa uğramasının, cəmiyyətin korrupsiyalaşmasının səbəbkarı kimi məhz S.Sarkisyanı görürlər. Bununla bərabər Sarkisyanın məlum "alver" xobbisi də getdikcə artmaqdadır. Hər kəsə məlumdur ki, Ermənistanın eks-prezidenti Robert Köçəryanın, indiki prezidenti S.Sarkisyanın hakimiyyəti dövründə bu dövlətdə ümumiyyətlə, insan hüquq və azadlıqları demək olar ki, həmişə pozulub. Ermənistan kimi təcavüzkar dövlətdə demokratiyadan, azadlıqdan, insan hüquqlarının müdafiəsindən qətiyyən söhbət belə gedə bilməz. Artıq Ermənistan həbsxanalarda siyasi məhbusların həddindən çox olması adi bir hala çevrilib. Müxalifətin Parlamentin iclası zamanı deputatları güllə yağışına tutmaları tarixdə çox nadir hallarda baş verən hadisələrdən biri idi ki, işğalçı dövlətdə bu baş verdi. Təbii ki, bütün bunların da səbəbləri birbaşa olaraq həm Köçəryan, həm də Sarkisyan hakimiyyəti ilə bağlıdır.
Bunları AVP sədri, millət vəkili Fəzail Ağamalı SİA-ya verdiyi açıqlamasında vurğulayıb. Partiya sədri işğalçı dövlətdə xüsusən son iki ildə baş verən olaylar, çevrilişlər, mitinqlər onu deməyə əsas verir ki, S.Sarkisyan çox uğursuz və məntiqsiz siyasət yürüdür: "Ermənistanda vəziyyət həddindən artıq gərginləşib. Bu dövlətdə hakimiyyət korrupsiyanın, rüşvətxorluğun məngənəsində boğulur. Artıq Ermənistanda vəziyyət o həddə çatıb ki, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edərək yaşamaq, işləmək və bir daha ölkəsinə qayıtmamaq şərti ilə xarici ölkələrə üz tuturlar.
Millət vəkilinin sözlərinə görə, işğalçı ölkəyə xarici dövlətlərdən ayrılan vəsait, yardım və ianələr hesabına yaşaya bilir. Ermənistan rəhbərliyi ümumiyyətlə, nə daxili, nə də xarici siyasətdə heç bir uğur qazana bilmədi. Bu isə Ermənistanın demək olar ki, tamamilə dağılmasına, məhv olmasına gətirib çıxarır: "İşğalçı dövlətdə maliyyə-iqtisadi monopoliyanın Sarkisyan klanının təsiri altında olması Ermənistanda vəziyyəti daha dözülməz hala gətirib çıxarıb. İndiyə qədər tarixin cəzasından və məhkəmisindən heç kim qaça bilməyib. İndi də olmasa, gec-tez Sarkisyan, Köçəryan, Ohanyan kimiləri Xocalıda, Dağlıq Qarabağın digər yerlərində azərbaycanlıların tökülən nahaq qanına, gözyaşlarına görə tarix qarşısında mütləq cavab verəcəklər".
Millət vəkili Ermənistan hakimiyyətində Sarkisyanın, yaxud da başqa bir erməninin olmasının Azərbaycan üçün qətiyyən önəmi və əhəmiyyətli olmadığını söyləyib. Bildirib ki, dövlətimiz üçün ən mühüm və önəmli olan məsələ odur ki, işğal olunmuş Azərbaycan ərazilərindən erməni separatçı qüvvələri tamamilə və qeyd-şərtsiz çəkilsinlər: "Azərbaycan bayrağının Xankəndində dalğalanacağı günə çox az zaman qalıb. Azərbaycanın güclü dövlətdir. Düşmən işğalı altında olan torpaqlarımızı mütləq geri qaytaracağıq. Doğrudur, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma bununla yanaşı Ermənistana cox ciddi təsir etməli və bu dövləti mütləq sülhə məcbur etməlidirlər".
AYLANA RZAYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB