Tarixi dostluğa söykənən əməkdaşlıq - MƏQALƏ

Tarixi dostluğa söykənən əməkdaşlıq - MƏQALƏ

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri də məhz bu əməkdaşlıq gündəliyi fonunda diqqət çəkdi. Səfər çərçivəsində dövlətimizin başçısının Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın regional əməkdaşlıq prosesində artan rolunun növbəti göstəricisidir.
Cənab İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini diqqətə çatdırdı, iqtisadi-ticari əməkdaşlığın gücləndiyini, qarşılıqlı investisiyaların artdığını və birgə layihələrin həyata keçirildiyini bildirdi. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi bu fikirlərin real ifadəsidir. Dövlətimizin başçısı, həmçinin əlaqələrin bundan sonrakı mərhələsində atılacaq addımlardan da bəhs etdi. Vurğuladı ki, ölkələr yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıdırlar.
Ölkə Prezidentinin yanaşmasının digər mühüm istiqaməti nəqliyyat və enerji oldu. Cənab İlham Əliyev bildirdi ki, Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Energetika sahəsi də əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparılır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov məzmunlu və konstruktiv çıxışınıza görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. Qeyd etdi ki, Türkmənistanla bağlı səsləndirdiyi xoş sözlər, verdiyiniz qiymət və irəli sürdüyünüz təkliflər qarşılıqlı əlaqələrimizin gələcək inkişafı, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Türkmənistan Azərbaycan ilə qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsinə hazırdır. Bu əminlik də ifadə olundu ki, çoxtərəfli əməkdaşlığımız Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında mehriban qonşuluq, əməkdaşlıq və qarşılıqlı anlaşma əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə