Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenilənir

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenilənir

Azərbaycanda dairə seçki komissiyalarının yeni tərkibinin formalaşdırılması ilə bağlı proses yekun mərhələyə çatıb.

SİA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının iclasında ölkə üzrə seçki dairəsi komissiyalarının üzvlərinin təyin edilməsi və onların yeni tərkibdə fəaliyyətə başlaması məsələsi müzakirə olunur.

Seçki Məcəlləsinə uyğun olaraq, seçki komissiyalarının səlahiyyət müddəti 5 il müəyyən edilib. Bu səbəbdən dairə seçki komissiyalarının hazırkı tərkibinin səlahiyyət müddətinin başa çatması onların yenidən təşkil olunmasını zəruri edib.

Yeni tərkibin müəyyənləşdirilməsi zamanı dairə seçki komissiyalarında müxtəlif siyasi təmsilçilik prinsipi qorunacaq. Belə ki, hər bir dairə seçki komissiyasının 9 üzvündən 3-nün namizədliyi Milli Məclisdə çoxluğu təşkil edən siyasi partiyanın MSK-dakı nümayəndələri, 3-nün namizədliyi parlamentdə azlığı təşkil edən siyasi partiyaların MSK-dakı nümayəndələri, digər 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən irəli sürülür.

Partiyaya mənsub olmayan deputatları təmsil edən MSK üzvlərinin təqdim etdiyi namizədlərdən ikisi üzrə ayrıca razılaşdırma proseduru da həyata keçirilir. Namizədlərdən biri parlament çoxluğunu, digəri isə parlament azlığını MSK-da təmsil edən üzvlərlə razılaşdırılır.

Namizədlərin irəli sürülməsi və razılaşdırılması prosesi artıq başa çatıb. Növbəti mərhələdə dairə seçki komissiyalarının üzvlərinin rəsmi şəkildə təyin olunması və komissiyaların yeni tərkibdə təşkil edilməsi gözlənilir.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının yeni tərkibi aprelin 27-də müəyyənləşdirilib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə