“Azərbaycan Qafqazı və Türk dünyasını birləşdirən məkandır“ -DEPUTAT DANIŞDI

“Azərbaycan Qafqazı və Türk dünyasını birləşdirən məkandır“ -DEPUTAT DANIŞDI

“Azərbaycan coğrafi və tarixi baxımdan Qafqaz ilə Türk dünyasını birləşdirən mühüm məkandır. Ölkəmiz həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Cənubi Qafqazın mühüm dövlətlərindən biridir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Qafqazda yerləşən yeganə türk dövləti olması onun regionda xüsusi tarixi və geosiyasi mövqeyini müəyyənləşdirir.
Azərbaycan ərazisi qədim dövrlərdən müxtəlif dövlətlərin və mədəniyyətlərin formalaşdığı məkanlardan biri olub:

”Bu baxımdan Qafqaz Albaniyasının tarixi xüsusi əhəmiyyət daşıyır. Qədim Qafqaz Albaniyasının əsas siyasi və mədəni mərkəzlərindən biri indiki Azərbaycanın ərazisində yerləşib. Qədim Qəbələ şəhəri də bu dövlətin mühüm mərkəzlərindən biri kimi tarixdə özünəməxsus yer tutur. Qəbələnin qədim tarixi ilə yanaşı, bu gün də Azərbaycanın mühüm tarixi-mədəni irs məkanlarından biri olması ölkənin zəngin keçmişinin göstəricisidir.
Qafqaz Albaniyası ilə bağlı məsələlər Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından mühüm mövzulardan biridir. Türk Dövlətləri Təşkilatının (TDT) Sammitində cənab Prezident İlham Əliyevin Qafqaz Albaniyasının tarixi ilə bağlı səsləndirdiyi fikirlər də bu mövzuya diqqətin göstəricisidir. Bu yanaşma Azərbaycanın qədim tarixinin və mədəni irsinin araşdırılmasının əhəmiyyətini bir daha gündəmə gətirir.
Qafqaz Albaniyasının xristian irsi ilə bağlı abidələr arasında Gəncəsər monastırı da xüsusi yer tutur. Gəncəsərin tarixi Həsən Cəlal və Xaçın knyazlığı ilə bağlıdır. Həsən Cəlaləddövlə XIII əsrdə Xaçın knyazlığının hökmdarı olmuş və bölgənin siyasi tarixində mühüm rol oynamışdır. Onun adı Gəncəsər monastırının tarixi ilə də sıx bağlıdır.
Bu tarixi irs Azərbaycan ərazisinin yalnız siyasi deyil, həm də müxtəlif dini və mədəni ənənələrin formalaşdığı məkan olduğunu göstərir.
"Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir və bizim ərazimizdə qurulub".
Qafqaz Albaniyasının tarixi, Qəbələ kimi qədim şəhərlər və Gəncəsər kimi memarlıq abidələri Azərbaycanın çoxəsrlik tarixinin mühüm hissələridir.
Beləliklə, Azərbaycan öz coğrafi mövqeyi, tarixi irsi və Türk dünyası ilə əlaqələri baxımından Qafqaz ilə Türk dünyası arasında mühüm körpü rolunu oynayır.
Ermənilər əsrlərlə Alban mədəni irsini saxtalaşdıraraq mənimsəməyə çalışıblar. Bu tarix və mədəni irsin elmi əsaslarla araşdırılması və qorunması həm Azərbaycanın milli irsinin, həm də regionun ümumi tarixinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə