"Azərbaycan türk dünyası ilə Qafqaz arasında əlaqələndirici halqadır" MİLLƏT VƏKİLİ

"Azərbaycan türk dünyası ilə Qafqaz arasında əlaqələndirici halqadır" MİLLƏT VƏKİLİ

"Cənab Prezidentin dünənki açıqlamalarında önəmli mesajlar var idi. Bu mesajlardan biri də Azərbaycanın həm türk dünyasının parçası olması, həm də Qafqaz ölkəsi olması fonunda türk dünyası ilə Qafqaz arasında əlaqələndirici mərkəzə çevrilməsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, təbii ki, hazırda biz Qafqazı türk dünyasından, türk dünyasını da Qafqazdan ayıra bilmərik: "Coğrafiya elə bir coğrafiyadır ki, bu coğrafiya bizim taleyimizdir. Coğrafiyanı biz seçmirik, bu, taleyimizdir. Ona görə də Cənubi Qafqaz bütövlükdə türk dünyasının, hesab edirəm ki, ayrılmaz hissəsidir.

Türk dünyasının önəmli parçası, mərkəzi, ürəyi olan Azərbaycan Qafqazda məhz Türkiyə ilə Mərkəzi Asiyanı əlaqələndirən, bağlayan bir halqadır.

Azərbaycan türkləri, müsəlmanları əsrlər boyu Cənubi Qafqazda həmişə çoxluq təşkil ediblər, indi də belədir. Vaxtilə biz təkcə Azərbaycan türkləri, Azərbaycan ərazisində deyil, elə hazırda yarım milyona qədər, 500 minə qədər Gürcüstanda yaşayırıq. Ermənistanla müharibə başlamamışdan əvvəl Ermənistandan qovulan azərbaycanlılar var idi, onları da 300 minə yaxın azərbaycanlı, yəni ikisi bir yerdə, bizim demək olar ki, Ermənistan və Gürcüstanda bir milyona yaxın azərbaycanlı yaşayırdı, müharibəyə, yəni Ermənistanın təcavüzünə qədər.

Ona görə də biz Cənubi Qafqazı bütövlükdə türk dünyasının həm ayrılmaz hissəsi hesab edir, həm də Azərbaycanın türk dünyası ilə Qafqaz üzərindən əlaqələndirici bir halqası olması fikri Cənab Prezident tərəfindən söylənilmiş çox məntiqli, çox uğurlu, çox yerində olan bir fikirdir.

Cənubi Qafqaz həm də, bilirsiniz, türk dünyasının elə bir parçasıdır ki, burada bütün dünyanın böyük Avrasiya regionunda müharibələr getdiyi bir vaxtda, şükür olsun ki, yalnız Qafqazda, türk dünyası üzərində bir sabitlik var, bir təhlükəsizlik mühiti hökm sürür.

Ona görə də Cənab Prezident əbəs yerə demədi bu fikri. Bu fikrin arxasında, əlbəttə, çox böyük siyasi mesaj, çox böyük simvolik mesaj, çox böyük dövlət ağlı, dövlət təfəkkürü durur.

Və bu, həm də bir növ mesajdır ki, Cənubi Qafqaza, Azərbaycana qarşı hansısa bir addım atmaq istəyənlər gələcəkdə türk dünyası ilə qarşı-qarşıya qalacaqlar və yaxud da ki, əksinə, türk dünyasına qarşı hansısa hörmətsiz addım atmaq istəyənlər Qafqazı, Azərbaycanı öz qarşılarında görəcəklər.

Ona görə də bu məsələyə münasibət bildirərkən bunu həm tarixi, həm coğrafi, həm geosiyasi, həm də rəmzi mənalarını analiz edirik. Cənab Prezidentin səsləndirdiyi hər bir fikirdə olduğu kimi, burada da dərin siyasi, fəlsəfi, geoiqtisadi, geosiyasi, rəmzi mesajlar var.

Və bu, Azərbaycanın nə qədər güclü ölkəyə çevrildiyini, yeni güc mərkəzləri olduğunu və yeni qlobal, regional və böyük Avrasiya regionunda siyasəti formalaşdırdığını bir daha təsdiq edir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə