“Azərbaycan və Mərkəzi Asiyanın gücü birlikdədir, bu birlik Türk dünyasını gücləndirir” - DEPUTAT
"Azərbaycan Mərkəzi Asiya və Türk dünyası coğrafiyasının ayrılmaz hissəsidir. Artıq “C6” formatında Azərbaycan bu coğrafiyanın mühüm komponenti kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, xüsusilə son dövrdə Azərbaycanın təşəbbüsləri və liderliyi Türk Dövlətləri Təşkilatının, bütövlükdə isə Türk dünyasının canlanmasına mühüm töhfə verir:
"Hesab edirəm ki, Azərbaycanın Mərkəzi Asiya ilə sıx əməkdaşlığı labüddür. Qərbdən, Avropadan və Türkiyədən baxdıqda Azərbaycan Mərkəzi Asiyaya açılan yeganə təhlükəsiz və sabit pəncərə, mühüm nəqliyyat və logistika qapısıdır. Şimalda Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdəki gərginlik və digər geosiyasi risklər Mərkəzi Asiyanın Qərbə çıxışında Azərbaycanın rolunu daha da artırır.
Mərkəzi Asiyanın bütövləşməsi və Şərq-Qərb marşrutunun mühüm hissəsinin Azərbaycan üzərindən keçməsi bu coğrafiyanın Avrasiya məkanına daha sıx inteqrasiyasını zəruri edir. Azərbaycan üçün də Mərkəzi Asiya xüsusi əhəmiyyət daşıyır. Çünki regionun geosiyasi baxımdan mürəkkəb bir coğrafiyada yerləşdiyini nəzərə alsaq, onun Qərbə çıxışında Azərbaycan əsas bağlantı nöqtəsidir.
Xəzər dənizini Böyük Avrasiyanın mühüm çıxış hövzələrindən biri kimi nəzərdən keçirsək, Mərkəzi Asiya ilə Azərbaycan arasında təbii coğrafi və iqtisadi bağlantının mövcud olduğunu görərik. Azərbaycanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar isə Mərkəzi Asiyanın Xəzər hövzəsi ilə, daha geniş mənada isə Böyük Avrasiya məkanı ilə əlaqələrinin güclənməsinə imkan yaradır.
“C6” formatında Türk dünyasının əsas ölkələrinin əhalisi, iqtisadi potensialı, təbii sərvətləri və strateji imkanları nəzərə alındıqda, bu coğrafiyanın ayrıca bir güc mərkəzinə çevrilmək potensialının kifayət qədər böyük olduğu görünür. Təxminən 200 milyonluq əhali, zəngin neft və qaz ehtiyatları, qiymətli metallar, digər faydalı qazıntılar və su resursları Türk dünyasının geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.
Ona görə də hesab edirəm ki, Azərbaycansız Mərkəzi Asiyanın, Mərkəzi Asiyasız isə Azərbaycanın öz potensialını tam gücü ilə reallaşdırması çətindir. Bizim gücümüz birlikdədir. Türk Dövlətləri Təşkilatının əsas strateji imkanlarından biri məhz Mərkəzi Asiyadan Azərbaycan üzərindən Türkiyəyə və Avropaya qədər uzanan geniş coğrafiyanı bir-birinə bağlamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB