“Yeni mexanizm Qəzzada gərginliyin idarə olunmasına xidmət edə bilər” - POLİTOLOQ
"ABŞ və İsrailin Qəzzada qarşıdurmaların qarşısını almaq üçün xüsusi mexanizm yaratmaq barədə razılığa gəlməsi münaqişənin idarə olunması baxımından müəyyən əhəmiyyət daşıyır. Söhbət yalnız atəşkəsin elan edilməsindən deyil, əldə olunmuş razılaşmaların pozulmasına nəzarət, insidentlərin operativ qiymətləndirilməsi və gərginliyin genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsinin qarşısının alınmasından gedir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə ABŞ tərəfi Qəzzada daha geniş sülh planının icrasını irəlilətməyə çalışır:
"Lakin mexanizmin yaradılması ilə onun effektiv işləməsi eyni məsələ deyil. Qəzzadakı problemin əsas çətinliyi tərəflərin razılaşmaların ardıcıllığı və təhlükəsizlik şərtləri barədə ciddi fikir ayrılıqlarının qalmasıdır. İsrail HƏMAS-ın tam tərksilahını təhlükəsizlik üçün əsas şərt kimi görür, HƏMAS isə İsrailin hücumları dayandırmasını və qoşunlarını geri çəkməsini ön şərt sayır. Bu ziddiyyət aradan qalxmasa, istənilən monitorinq mexanizmi yalnız böhranların idarə edilməsinə xidmət edə bilər, onların kök səbəblərini həll edə bilməz.
Burada Misirin rolu xüsusi əhəmiyyət daşıyır. Qahirə həm İsraillə, həm də Fələstin tərəfi ilə işləyə bilən əsas regional aktorlardan biridir və son dövrdə atəşkəsin icrası ilə bağlı intensiv diplomatik təmaslar aparır. Bundan başqa, Qəzzanın Misirlə sərhədi və humanitar yardımın çatdırılması məsələsi də Misirin prosesdəki çəkisini artırır.
Məncə, yeni mexanizmin uğuru üç amildən asılı olacaq: tərəflərin onun qərarlarına əməl etməsi, ABŞ-nin real siyasi təsir imkanlarından istifadə etməsi və Misir, Qətər, Türkiyə kimi regional vasitəçilərin prosesə cəlb olunması. Əsas məqsəd atəşkəs pozuntularına reaksiya verməkdən daha çox, onların təkrarlanmasının qarşısını alan etibarlı sistem qurmaq olmalıdır. Əks halda, mexanizm növbəti eskalasiyanı sadəcə bir qədər gecikdirən diplomatik alətə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB