Ali Məhkəmədə Qırğız Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib.
Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.
Türk dövlətlərinin ali məhkəmələri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüş zamanı qonaqlara Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsallaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmələrin ixtisaslaşması, müasir informasiya texnologiyalarının geniş tətbiqi və qanunvericilik bazasının davamlı təkmilləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.
"Elektron məhkəmə" informasiya sisteminin inkişaf etdirilməsinin, eləcə də süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqinin məhkəmə xidmətlərinin daha operativ, keyfiyyətli və əlçatan olmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nurlan Alişeroviç Musayev səfərin əsas məqsədinin Azərbaycanda "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyəti ilə yaxından tanış olmaq və bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək olduğunu bildirib. O, iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın məhkəmə sistemində aparılan islahatları və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB