“Rusiya-Ukrayna müharibəsində sülhdən çox yeni gərginlik və müharibə mərhələsi gözlənilir” - ŞƏRH
“Təəssüf ki, Rusiya-Ukrayna münasibətlərində gərginlik artan xətt üzrə gedir. Perspektivdə sülhdən qat-qat çox müharibənin yeni gərginlik fazalarının baş verməsi gözlənilir. Əslində, hər iki tərəf sülhə yox, daha uzunmüddətli və şaxəli müharibəyə hazırlaşırlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Avropa ölkələri hər an Rusiyanın NATO ölkələrindən birinə və yaxud da bir neçəsinə zərbələr endirəcəyini gözləyirlər:
“Buna görə də onlar Ukraynaya hərbi yardımı artırmaqla yanaşı, Rusiyanın Avropaya endirəcəyi zərbələr qarşısında müdafiəyə də hazırlaşırlar. Eyni zamanda, Avropa ölkələri Rusiyaya yaxın sərhəd ərazilərində yeni dron müharibəsinə ciddi hazırlıq görürlər.
Bu müharibədə dronların nə qədər böyük qüvvə olduğunu Avropa ölkələri lazımi qədər qiymətləndirirlər. Buna görə də müharibənin növbəti mərhələsini dronların köməyi ilə yekunlaşdırmaq niyyətindədirlər. Müşahidələrə görə, Avropa ölkələri dronlarla yeni müharibəyə başlamaqla Rusiyanı Ukraynada güzəştlərə məcbur etmək niyyətindədirlər.
Eynən Rusiya da müharibənin yeni fazasına hazırlaşır. Çünki Rusiya bu mərhələdə ilhaq olunmuş torpaqların dünya tərəfindən, eləcə də Ukraynanın özü tərəfindən tanınmasına nail ola bilmədi. Buna görə də hazırda Rusiya bu müharibənin daha uzun müddət ərzində aparılmasını özü üçün zəruri hesab edir. Çünki elə bir nöqtədədir ki, Rusiya ya geri çəkilib təslim olmalıdır, ya da müharibəni yeni bir mərhələdə davam etdirməlidir.
Artıq Rusiyada ümumi hərbi səfərbərliyin yeni mərhələsinin başlanacağı ilə bağlı söz-söhbətlər var. Ölkəni müharibə iqtisadiyyatına keçirmək üçün tədbirlər planı hazırlanır. O cümlədən, ərzaq və enerjinin istehlakına müəyyən qanuni məhdudiyyətlərin qoyulmasına qədər bir sıra kompleks tədbirlər düşünülür.
Artıq bəzi enerji növlərinin ixracı qadağan edilib. Rusiyada ümumi hərbi səfərbərliyə hazırlıq gedir. Bu da deməkdir ki, hər iki tərəf sülhə yox, müharibənin yeni mərhələsinə hazırlaşırlar.
Ona görə də Ukrayna ətrafında sülh perspektivlərindən danışmaq hələlik tezdir. Müharibənin qarşısının alınması, sülhün əldə olunmasına nail olmaq üçünsə, dediklərimin tam əksinə olan istiqamətlərdə addımlar atılmalıdır. Hansı ki, nə Rusiya, nə də Ukrayna buna hazırdır və bunu istəmir.
Sülh sazişinin və yaxud da sülhün bərqərar olması üçün ya Rusiya tamamilə geri çəkilib işğal olunmuş torpaqları geri qaytarmalıdır, ya da Ukrayna işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınması ilə barışmalıdır. Hələlik bu iki şərt daxilində sülhün bərqərar olma ehtimalı az da olsa var, amma hər iki tərəfin, aydın məsələdir ki, güzəştə getmək istəyi yoxdur.
Ona görə də bu gün sülh perspektivlərindən çox, müharibənin daha da dərinləşə biləcəyi perspektivlərini müzakirə etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB