Hindistan-80 il: Hindistanın Azərbaycandakı Səfirliyi Müstəqilliyin 80-ci ildönümünü yüksək vətənpərvərlik ruhunda qeyd edib

Hindistan-80 il: Hindistanın Azərbaycandakı Səfirliyi Müstəqilliyin 80-ci ildönümünü yüksək vətənpərvərlik ruhunda qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi bu gün Hindistanın 80-ci Müstəqillik Gününü Hindistan diasporunun üzvlərinin və Azərbaycan vətəndaşlarının fəal iştirakı ilə böyük ruh yüksəkliyi və vətənpərvərlik əhval-ruhiyyəsində qeyd edib. SİA xəbər verir ki, Bayram tədbiri Hindistanın milli mahnısı “Vande Mataram”ın duyğulu ifası ilə başlayıb. Daha sonra Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Abhay Kumar tərəfindən Dövlət Bayrağı qaldırılıb. Ardınca iştirakçılar Hindistanın Dövlət Himni “Jana Gana Mana”nı birlikdə səsləndirərək bu əlamətdar günü böyük qürur və vətənpərvərlik hissləri ilə qeyd ediblər.

Tədbirdə çıxış edən səfir Abhay Kumar Hindistanın azadlığı uğrunda mübarizə aparanların misilsiz fədakarlıqlarını xatırladaraq, ölkənin son səkkiz onillik ərzində keçdiyi əlamətdar inkişaf yolundan bəhs edib. O vurğulayıb ki, böyük çətinliklərlə üzləşən yeni müstəqil dövlətdən bu gün Hindistan dünyanın aparıcı iqtisadiyyatlarından birinə, dünyanın ən böyük demokratiyasına və Qlobal Cənubun aparıcı səsinə çevrilib.

Səfir qeyd edib ki, Hindistanın tərəqqisi demokratiya, müxtəliflik, konstitusion dəyərlər, elmi dünyagörüşü və inklüziv inkişaf prinsiplərinə əsaslanır. O, ölkənin elm və texnologiya sahəsində, o cümlədən kosmik proqramı və “Chandrayaan” missiyaları, rəqəmsal ictimai infrastruktur, biotexnologiya, əczaçılıq və bərpa olunan enerji sahələrində əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı. Səfir həmçinin Hindistanın dayanıqlı inkişafa sadiqliyini və firavan, müasir, inklüziv və özünə güvənən Hindistanın qurulmasını nəzərdə tutan “Viksit Bharat” baxışını vurğulayıb.

Hindistanın dünyaya baxışından bəhs edən səfir Abhay Kumar bildirib ki, Hindistanın dünya ilə əlaqələri “Vasudhaiva Kutumbakam” — “Dünya bir ailədir” kimi ifadə olunan əbədi fəlsəfə və sülh, rifah və dayanıqlı inkişaf naminə tərəfdaşlarla birgə çalışmağa sadiqlik əsasında davam edir.

Proqram çərçivəsində səfir Abhay Kumar Hindistan Prezidentinin Müstəqillik Günü münasibətilə ünvanladığı müraciəti də oxuyaraq, Prezidentin bu mühüm milli bayramla bağlı düşüncə və təbriklərini iştirakçılarla bölüşüb.

Tədbir zamanı Səfirliyin müxtəlif təşəbbüslərində geniş ictimaiyyətin fəal iştirakı da xüsusi qeyd olunub. “Bharat Ko Janiye” yarışmasının qaliblərinə Hindistan haqqında bilik və maraqlarını nümayiş etdirdikləri üçün sertifikatlar təqdim edilib. Həmçinin Səfirliyin xüsusi olaraq təşkil etdiyi, Hindistan Mədəni Əlaqələr Şurasının (İCCR) dəstəklədiyi ənənəvi Hindistan incəsənət növlərinə həsr olunmuş onlayn seminarların iştirakçılarına sertifikatlar təqdim olundu. Seminarlarda Madhubani, Varli, Qond və Phad rəssamlıq ənənələri əhatə edilmişdi.

Bayram tədbiri isti və şən ab-havada başa çatıb. Qonaqlara vətənpərvərlik mahnılarının sədaları altında xüsusi hazırlanmış hind qəlyanaltıları təqdim olunub. Bu da Hindistanın 80-ci Müstəqillik Gününün yaratdığı qürur və bayram əhval-ruhiyyəsini daha da artırıb.

Bu əlamətdar gün Hindistanın son səkkiz onillikdə keçdiyi möhtəşəm inkişaf yolunun qeyd olunması ilə yanaşı, gələcəkdə firavan, inklüziv, innovativ və özünə güvənən Hindistanın qurulmasına sadiqliyin bir daha təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə