"Qərbi azərbaycanlıların qayıdışı üçün sülh və təhlükəsizlik təmin edilməlidir" - POLİTOLOQ

"Qərbi azərbaycanlıların qayıdışı üçün sülh və təhlükəsizlik təmin edilməlidir" -  POLİTOLOQ

"Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində bütün məsələlər eyni vaxtda müzakirə olunmur. Hazırda daha prioritet hesab edilən, həlli mümkün görünən və tərəflərin ortaq məxrəcə gəlməsinə az qalan məsələlər üzərində iş aparılır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:

"Məsələn, delimitasiya və demarkasiya üzrə işçi qrup və komissiyalar fəaliyyət göstərir, onların görüşləri keçirilir. Bu məsələ sülh gündəliyinin bir hissəsi olsa da, gələcəkdə sülh müqaviləsinin mətnində ona ayrıca toxunulmaya da bilər. Delimitasiya prosesinin özündə də sərhədin müəyyənləşdirilməsi, bəzi ərazilərdə sərhəd xəttinin dəqiqləşdirilməsi kimi məsələlər mərhələli şəkildə həll olunur. Danışıqlar prosesində də buna bənzər yanaşma mövcuddur.

Hazırda Azərbaycanın ən çox narahat olduğu və tələb etdiyi məsələlərdən biri Ermənistan konstitusiyasının dəyişdirilməsidir. İrəvanda bununla bağlı müəyyən işlər aparılır. Böyük ehtimalla, ya bu ilin sonuna qədər, ya da gələn il Ermənistanda konstitusiya referendumu keçirilə bilər.

Digər mühüm məsələ isə ərazi iddiaları ilə bağlıdır. Ermənistanda artıq əvvəlki ritorika, demək olar ki, müşahidə olunmur. Paşinyan və onun komandasında bu tip ambisiyaların və ərazi iddialarını ifadə edən ritorikanın əvvəlki səviyyədə olmaması müsbət məqamdır.

Amma digər tərəfdən, Qərbi azərbaycanlıların taleyi, onların öz ata-baba yurdlarına qayıdıb-qayıtmayacağı məsələsi də gündəmdədir. Bununla belə, hazırda bu məsələnin Azərbaycan üçün danışıqlar prosesində ən prioritet məsələ olduğunu deməzdim. Azərbaycan Prezidenti bu mövzuda dəfələrlə açıqlamalar verib və Azərbaycanın mövqeyi açıq şəkildə ifadə olunub. Lakin sülh gündəliyi çərçivəsində danışıqların davamlılığı və məntiqi yekunlaşdırılması baxımından Bakı hələlik tərəflər arasında razılıq əldə olunmasına mane ola biləcək həssas məsələləri ön plana çıxarmamağa üstünlük verir.

Burada isə belə bir sual yaranır: Əgər Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıdacaqlarsa, Qarabağ erməniləri də geri qayıtmalıdırmı?

Məncə, burada çox incə bir məqam var. İlk növbədə, Qarabağ ermənilərinin ərazini tərk etməsi ilə Qərbi azərbaycanlıların Ermənistandan köçürülməsi eyni hadisə deyil.

Qarabağ ermənilərinə Azərbaycanla inteqrasiya imkanının təqdim edildiyi, Azərbaycan qanunlarına uyğun şəkildə burada yaşaya biləcəklərinin bildirildiyi bir şəraitdə əhalinin böyük hissəsi ərazini tərk etdi. Onların əksəriyyəti öz əmlakını, şəxsi əşyalarını və vəsaitlərini götürərək bölgəni tərk etdi. Bununla bağlı müxtəlif görüntülər və videokadrlar da mövcuddur. Azərbaycan da beynəlxalq ictimaiyyətə öz mövqeyini çatdıraraq bildirdi ki, Qarabağ erməniləri ərazini könüllü şəkildə tərk edirlər.

Qərbi azərbaycanlılarla bağlı vəziyyət isə tamamilə fərqli olub. 1988-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandan zorla köçürülməsi prosesi baş verib. Söhbət yüz minlərlə insanın öz doğma torpaqlarından didərgin salınmasından gedir. Bu gün həmin insanların övladları, nəvə və nəticələri var və onların bir hissəsi öz ata-baba yurdlarına qayıtmaq istəyini ifadə edir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, sərhədlər açılarsa və normal əlaqələr qurularsa, Qərbi azərbaycanlıların da öz ata-baba yurdlarına qayıtmaq istəyi yarana bilər. Mən hesab edirəm ki, burada əsas məsələ onların öz iradəsidir.

Necə ki, Qarabağdan getmiş ermənilərin gələcəkdə geri qayıtmaq istəyib-istəməməsi onların şəxsi qərarı olmalıdır, Qərbi azərbaycanlıların da Ermənistana qayıdıb-qayıtmayacağı onların öz seçimindən asılı olmalıdır.

Bu baxımdan düşünürəm ki, əgər Ermənistan tərəfi təhlükəsiz və uyğun şərait yaradarsa, Qərbi azərbaycanlıların bir hissəsi öz ata-baba yurdlarına qayıtmaq istəyə bilər. Bu prosesdə Qərbi Azərbaycan İcmasının da müəyyən rolu ola bilər. İcmanın fəaliyyəti və təşkilatlanması baxımından prosesin mümkün nəticələrindən biri də gələcəkdə insanların öz tarixi yaşayış yerlərinə qayıtması ola bilər.

Amma burada əsas məqam ondan ibarətdir ki, bu qayıdışın məcburi xarakter daşımaması, insanların öz iradəsi əsasında həyata keçirilməsi vacibdir. Azərbaycan dövləti də belə bir prosesə maneə yaratmayacaq, əksinə, uyğun şərait yarandığı halda öz vətəndaşlarının hüquqlarının təmin olunmasını dəstəkləyə bilər.

Ona görə də Paşinyanın “Azərbaycan Qərbi azərbaycanlıların qayıdışından imtina etməlidir” yanaşmasının doğru olduğunu düşünmürəm. Bu məsələ, məncə, ilk növbədə, insanların hüquqları və şəxsi seçimləri çərçivəsində qiymətləndirilməlidir. Əgər gələcəkdə təhlükəsiz və normal şərait yaranarsa, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb-qayıtmayacağına məhz həmin insanlar özləri qərar verməlidirlər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə