Uşağı məktəbə necə hazırlamaq lazımdır? - PSİXOLOQ AÇIQLADI

Uşağı məktəbə necə hazırlamaq lazımdır? - PSİXOLOQ AÇIQLADI

“Uşağın məktəbə hazırlanması yalnız onun dərs prosesinə uyğunlaşdırılması deyil, eyni zamanda sosial davranışlarının, ünsiyyət bacarıqlarının və müəyyən mənada ədəb-ərkanının formalaşdırılması prosesidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, uşağın məktəbə münasibətinin formalaşmasına hələ 3-6 yaş dövründən, yəni bağça mərhələsindən başlamaq lazımdır:

“Bu müddətdə uşağa məktəbin təhlükəsiz, maraqlı və müsbət tərəfləri izah edilməlidir. Məktəbə hazırlıq mərhələsində uşağa artıq böyüdüyünü, fikirlərini daha sərbəst ifadə edə biləcəyini və cəmiyyət üçün faydalı işlər görə biləcəyini anlatmaq vacibdir. Lakin bütün bunlar uşağın yaşına və anlayış səviyyəsinə uyğun dildə izah olunmalıdır”.

Psixoloq qeyd edib ki, valideynlərin məktəblə bağlı istifadə etdiyi ifadələr uşağın psixologiyasına birbaşa təsir göstərə bilər:

“Bəzən böyüklər məktəbi uşağa qorxulu formada təqdim edirlər. “Məktəbdə qalacaqsan”, “səni orada qorxudacaqlar” kimi ifadələr uşaqlarda məktəb qorxusu yarada bilər. Hətta valideynlərin öz aralarında məktəblə bağlı narazılıq ifadə etməsi də uşağın münasibətinə təsir edir. Uşaqlar bizim dediklərimizə və davranışlarımıza çox diqqət yetirirlər. Buna görə də ilk qorxunun necə formalaşdığına xüsusi diqqət yetirmək lazımdır”.

Onun sözlərinə görə, uşağa məktəb reallığa uyğun şəkildə izah edilməli, lakin bu prosesdə məktəbin müsbət tərəfləri də ön plana çəkilməlidir. Uşağa məktəbdə yeni dostlar qazanacağı, maraqlı biliklər əldə edəcəyi və öyrəndikləri ilə cəmiyyətə fayda verə biləcəyi deyilməlidir.

Psixoloq vurğulayıb ki, uşağın məktəb və təhsillə bağlı müəyyən qədər həyəcan keçirməsi normaldır. Lakin bu həyəcanın davamlı qorxuya çevrilməsinə imkan vermək olmaz.

A.Ələkbərova xüsusilə valideynlərdən ayrılmaqda çətinlik çəkən uşaqlara diqqət yetirməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, belə hallarda valideyn uşağa verdiyi sözə mütləq əməl etməlidir:

“Uşağa məktəbə apararkən “Səni aparacağam, sonra geri qayıdacağam” demişiksə, mütləq geri qayıtmalıyıq. Uşaq bilməlidir ki, valideyni onu məktəbə qoyacaq və müəyyən vaxtdan sonra geri götürəcək. Bunu gündəlik həyatdan nümunə ilə də izah etmək olar. Məsələn, “Mən işə gedirəm və sonra evə qayıdıram. Sən də məktəbə gedəcəksən və sonra evə gələcəksən” demək mümkündür”.

Psixoloq əlavə edib ki, uşaqlar məktəblə bağlı çoxsaylı suallar verirlər. Onların “Hansı məktəbdə oxuyacağam?”, “Harada oturacağam?”, “Sinif necə olacaq?” kimi suallarına əvvəlcədən cavab vermək uşağın adaptasiyasını asanlaşdıra bilər. Bu baxımdan uşağın ibtidai sinif müəllimi və sinif otağı ilə əvvəlcədən tanış olması faydalıdır.

A.Ələkbərovanın sözlərinə görə, müəllimin sinif daxilində psixoloji yanaşması da mühüm əhəmiyyət daşıyır. Şagirdlərin yerlərinin daim eyni saxlanılması bəzi uşaqlarda yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilər. Məsələn, arxa sırada oturan uşaq özünü “pis oxuyan” və ya “digərlərindən zəif” hesab edə bilər. Bu səbəbdən müəllim uşaqların yerlərini müəyyən aralıqlarla dəyişməlidir.

O bildirib ki, valideyn, müəllim və uşaq arasında düzgün münasibətin qurulması məktəbə adaptasiyanın əsas şərtlərindən biridir.

Psixoloq məktəbə hazırlıq prosesində rol oyunlarından da istifadə etməyi tövsiyə edib:

“Uşaqların inkişafında rol oyunlarının böyük əhəmiyyəti var. Kiçik yaşlardan evdə məktəb oyunları oynamaq, uşağın müəllim və şagird rolunda çıxış etməsinə imkan yaratmaq onun məktəb mühitinə daha rahat uyğunlaşmasına kömək edə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə