“Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin əsas təminatçısına çevrilib” - ŞƏRH
“Qarabağ münaqişəsi başa çatdıqdan sonra qalib Azərbaycanın yaratdığı yeni reallıqlar Cənubi Qafqaz regionunda sülhün təmin olunması baxımından başlıca amildir. Məhz Prezident İlham Əliyevin qətiyyəti və fəal diplomatiyası sayəsində sülhyaratma prosesində böyük yol keçilib. Bu yolda 2025-ci il avustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması böyük nailiyyətdir. Vaşinqton görüşündən sonra regionda real olaraq sülh mövcuddur, atəş səsləri eşidilmir, insanlar həyatlarını itirmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, 30 il ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Vaşinqton razılaşmaları əsasında münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Avqustun 31-də Bişkek şəhərində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə də Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyəti vurğulanıb.
Millət vəkilinin sözlərinə görə, bu gün qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün lazımi addımlar atılır. Belə ki, Azərbaycan sülhə töhfə vermək naminə öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir. Eləcə də ölkəmiz Ermənistana neft məhsulları satır. Bundan başqa, etimad quruculuğu prosesi çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri İrəvanda və Bakıda bir neçə dəfə görüşüblər. Liderlərin görüşündə də Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
“Əlbəttə, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması prinsipial məsələlərdən biridir. Çünki bu dəhlizin açılması ilə Naxçıvanın uzun illər davam edən blokadasına son qoyulacaq. Zəngəzur dəhlizi, həm də türk dünyasını birləşdirməklə yanaşı bütövlükdə Avropa ilə Asiyanı birləşdirən qlobal nəqliyyat qovşağı rolunu oynayacaq”, - deyən Pərvin Kərimzadə əlavə edib ki, Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşündə bu məsələ də diqqət mərkəzində olub. Onlar Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
“Bütün bunlarla yanaşı iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası da tərəflərin müzakirəsindədir. Artıq tərəflər arasında 12 kilometrlik sərhəd tam müəyyənləşdirilib. Bütün bunlar regionumuzda sülh və əməkdaşlığın tam bərqərar olmasına doğru atılan mühüm addımlardır. Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti, o cümlədən Ermənistan Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini qəbul edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB