"Uşaqları məktəbə yola salarkən yalnız məktəb ləvazimatları ilə kifayətlənmək olmaz" - MÜTƏXƏSSİS

"Uşaqları məktəbə yola salarkən yalnız məktəb ləvazimatları ilə kifayətlənmək olmaz" - MÜTƏXƏSSİS

"Biz uşaqları məktəbə yola salarkən yalnız çanta, məktəb forması və digər məktəb ləvazimatlarını almaqla hazırlığımızı tamamlamamalıyıq. Uşağı həm də psixoloji olaraq məktəbə hazırlamaq lazımdır. Bu sözləri SİA-ya açıqlamasında pedaqoq, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, Valideyn Məktəbi-nin təsisçi-rəhbəri Aysel Rəsulzadə deyib.

Onun sözlərinə görə, uzun yay tətilindən sonra, əlbəttə ki, uşağın rejimi artıq müəyyən qədər pozulub: "Buna görə də həmin rejimi qaydaya salmaq vacibdir. Yay tətilindən sonra uşaqların məktəb rejiminə qayıtması elə də sadə proses deyil. Çünki uşaq bir müddət daha sərbəst rejimdə yaşayıb, gec yatıb, gec oyanıb, daha çox oynayıb, dərslərinin yəqin ki, çoxunu unudub və ya təxirə salıb. Ona görə də biz böyüklər olaraq ondan bir gündə tamamilə fərqli rejimə keçməsini tələb edə bilmərik.

Valideynlər məktəb başlamamışdan ən azı bir-iki həftə əvvəl hazırlığa başlasalar, demək olar ki, uşağın rejimini tamamilə qaydaya sala bilərlər. Burada ən vacib məqamlardan biri yuxu rejiminin dəyişdirilməsidir. Yayda uşaqların gecə saat 12-də, hətta 1-də yatması təbii haldır. Bir anda bu rejimi axşam saat 9-a və ya 10-a keçirmək mümkün deyil. Ona görə də yatma və oyanma saatlarını hər gün tədricən dəyişmək mümkündür.

Çünki yuxusunu almayan uşaq səhər, əlbəttə ki, məktəbə getmək istəməyəcək, dərsdə diqqətini toplaya bilməyəcək, daha tez əsəbiləşəcək və s.

Təbii ki, məktəb başlayırsa, artıq “oynamaq olmaz, oyuncaqları bir kənara qoymaq lazımdır, digər məşğuliyyətlər olmayacaq” demək düzgün deyil. Biz bunu uşağa və ya şagirdə deyə bilmərik. Eyni zamanda uşaq məktəbi yeni məhdudiyyətlərin başladığı bir dövr kimi qəbul etməməlidir. Qətiyyən belə yanaşmaq olmaz. Bunun əvəzinə əksinə, pozitiv danışmaq lazımdır.

Uşağa demək lazımdır ki, sən dostlarınla görüşəcəksən, yeni məlumatlar əldə edəcəksən, akademik biliklərə yiyələnəcəksən. Bunlar da sənin insan və şəxsiyyət kimi yetişməyində, gələcəyinin parlaq olmasında çox önəmlidir. Müəllimlərini yenidən görəcəksən, yeni məktəb kollektivini, məktəb ab-havasını uşağa sevdirmək lazımdır.

Əgər uşaq “Mən məktəbə getmək istəmirəm” deyirsə, təbii ki, “Bunda nə var, hamı məktəbə gedir” demək düzgün deyil. Bunun əvəzinə ətraflı izah vermək lazımdır. Əgər uşaq davamlı olaraq bunu deyirsə, valideyn soruşmalıdır: “Məktəbdə səni ən çox narahat edən nədir?”

Bəlkə uşaq dərsdən yox, müəllimdən, qiymətlərdən, sinif yoldaşlarından narahatdır və ya psixoloji narahatlıqları var. Bəlkə bullinqdən və yaxud uğursuz olmaqdan qorxur. Yəni narahatlığın səbəbini bilmək lazımdır. Bu formada yanaşdıqda uşaq artıq öz daxili dünyasını valideyninə açır, narahatlıqlarını bildirir. Valideyn də bu mənada övladına daha yaxşı kömək edə bilər.

Xüsusilə də kiçik yaşlı uşaqlarda ayrılıq məsələsinə diqqət etməliyik. Birinci sinfə gedən və ya məktəbini dəyişən uşaqlarda narahatlıq daha çox yaşana bilər. Belə uşağa “Heç nədən qorxma” deməkdənsə, “Sən narahat ola bilərsən. Mən də ilk günlərdə, biz valideyn olaraq, sənin yanında olacağıq. Çətinlik olsa, birlikdə həll edəcəyik” deyərək onu həvəsləndirmək və yanında olduğumuzu göstərmək lazımdır.

Yayın son günlərində uşağı dərslə yükləməmək də çox vacib məqamlardan biridir. Valideyn düşünür ki, “Bir həftə qalıb, bütün dərsləri yükləməliyik, hətta bütün dərs proqramını, belə deyək, müəllimin verdiyi proqramı bitirməlidir”. Xeyr. Sadəcə olaraq ümumi təkrara keçmək lazımdır. Bu da uşağın məktəb başlamamışdan əvvəl yorulmaması və yay istirahətinin məhv olmaması üçün çox vacib məqamdır.

Uşağı hazırlıq prosesinə cəlb etmək də önəmlidir. Dediyim kimi, çanta və digər məktəb ləvazimatlarını seçmək, formasını hazırlamaq, yəni bütün bunlar bu prosesi asanlaşdıra və uşağa məktəbə hazırlıq üçün böyük həvəs verə bilər.

Digər tərəfdən, valideyn öz narahatlığını uşağa ötürməməlidir. “Görəsən, bu il necə olacaq?”, “Müəllimlər necə olacaq?”, “Qiymətlərin necə olacaq?” kimi ifadələrlə uşağı yeni tədris ilinə motivasiya etmək düzgün deyil.

Sadəcə olaraq demək lazımdır: “Səndən mən mükəmməl olmağını gözləmirəm. Öyrənməyini və çalışmağını istəyirəm.” Uşaq onda artıq öz məsuliyyətlərini, vəzifələrini biləcək və daha diqqətli olacaq.

Valideynlərə əsas tövsiyəm və fikrim budur ki, biz uşağı məktəbə hazırlayarkən ona “Saat neçədə duracaqsan?” kimi suallar verməkdənsə, “Məktəbə gedəndə özünü necə hiss edəcəksən?” kimi suallar verməli, uşağın məktəbi sevməsi üçün düşünməliyik. Bunlar uşaqların daxili dünyasının rahat olmasında və məktəbə motivasiya ilə başlamasında çox önəmlidir.

Çünki məktəb uşağın həyatında məhdudiyyət və cəza dövrünün başladığı mərhələ kimi yox, yeni öyrənmələrin, dostluqların və kəşflərin başladığı bir mərhələ olmalıdır. Uşaq da bunu görməli və məktəbə həvəslə hazırlaşmalıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə