Çinin İrana dəstəyinin sərhədləri: Pekin Tehran naminə ABŞ-la qarşıdurmaya getməyəcək
Çinin İrana verdiyi dəstək ABŞ-ın Tehran üzərində təzyiqlərini artırdığı bir vaxtda öz məhdudiyyətlərini göstərir. Analitiklər hesab edirlər ki, Pekinin Tehranla münasibətləri regionun digər ölkələri, eləcə də ABŞ-la əlaqələrini nəzərə alan daha geniş xarici siyasət çərçivəsində formalaşır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çin uzun illərdir İranın əsas tərəfdaşlarından biri hesab olunur. Ölkənin böyük iqtisadi imkanları ABŞ-ın İran iqtisadiyyatına təzyiq siyasətinin təsirini müəyyən qədər azaltmağa imkan verir. Lakin Pekinin ABŞ Prezidenti Donald Trampın İrana qarşı təzyiq kampaniyasına etiraz etməsinə baxmayaraq, ekspertlər Çinin Tehranı qorumaq üçün iqtisadi və siyasi dəstəyini daha yüksək səviyyəyə çatdıracağını düşünmürlər.
Analitiklərin fikrincə, Çin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına və sanksiyalarına qarşı çıxsa da, Tehranla münasibətlər Pekinin xarici siyasətindəki çoxsaylı prioritetlərdən yalnız biridir. Çin ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müxtəlif ölkələrlə balanslı münasibətləri qorumağa çalışır.
Çin-Yaxın Şərq Mərkəzinin direktoru Fan Honqda bildirib ki, Pekin ABŞ-İran münaqişəsinin gərginliyinin azaldılmasını təşviq edə bilər, lakin İran naminə ABŞ-la kəskin qarşıdurmaya getməyəcək. Onun sözlərinə görə, münaqişənin yekun həlli ABŞ və İranın özləri arasında baş verməlidir.
Çin və İran arasında xüsusilə enerji sahəsində əhəmiyyətli ticarət əlaqələri mövcuddur. Hər iki ölkəni ABŞ-ın qlobal dominantlığına qarşı mövqeləri də yaxınlaşdırır. Bununla belə, münasibətlər qarşılıqlı asılılıq baxımından bərabər deyil: İranın Çindən asılılığı Pekinin Tehrandan asılılığından xeyli yüksəkdir.
Çin İranın ən böyük ticarət tərəfdaşıdır. ABŞ və İsrailin fevralın sonlarında müharibəyə başlamasından sonra İranın neft ixracının 90 faizə qədəri Çinə yönəlib. Lakin İran nefti Çinin ümumi enerji istehlakının cəmi 2 faizini təşkil edir.
Bu isə göstərir ki, İran üçün Çin bazarı həyati əhəmiyyət daşısa da, Pekin üçün İran nefti əvəzolunmaz mənbə deyil.
İran neftinin Çinə satışı Tehran üçün mühüm iqtisadi gəlir mənbəyidir. Lakin Çin şirkətləri də ABŞ sanksiyalarının təsirinə məruz qalmaq riskindən çəkinirlər.
Çinin böyük dövlət neft emalı şirkətləri – Sinopec və PetroChina – uzun müddətdir İran neftindən uzaq durur. İran neftinin Çinə satışı əsasən dollar əsaslı qlobal maliyyə sisteminə daha az bağlı olan müstəqil kiçik neft emalı zavodları vasitəsilə həyata keçirilir.
ABŞ administrasiyası bu şirkətlərə, eləcə də Çin və Honq-Konqda yerləşən bəzi şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq edib. Lakin İran neftinin alınmasını maliyyələşdirməkdə ittiham olunan iri Çin banklarına qarşı hələlik genişmiqyaslı tədbirlər görülməyib.
Vaşinqtonun Çinin maliyyə sisteminə qarşı da təzyiq göstərə biləcəyi bildirilir. Bununla belə, analitiklər ABŞ-ın Pekinlə onsuz da gərgin olan ticarət münasibətlərini daha da pisləşdirəcək addım atacağına şübhə ilə yanaşırlar. Xüsusilə Donald Tramp və Si Cinpin arasında sentyabrın 24-də keçirilməsi planlaşdırılan görüş fonunda tərəflərin gərginliyi azaltmağa çalışdığı qeyd olunur.
Çin və İran arasında 2021-ci ildə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişində Pekinin İrana 25 il ərzində 400 milyard dollara qədər investisiya yatırması nəzərdə tutulurdu.
Lakin bu vədin böyük hissəsi reallaşmayıb. Analitiklər bunu Çin şirkətlərinin ABŞ sanksiyalarından yayınmaq istəməməsi, həmçinin İranın mürəkkəb və şəffaf olmayan bürokratik sistemi ilə əlaqələndirirlər.
İranın keçmiş iqtisadiyyat nazirinin müavini Əli Fekri 2023-cü ildə Çinin investisiya səviyyəsindən narazılığını bildirmiş və saziş çərçivəsində investisiyaların həmin vaxt cəmi 185 milyon dollar təşkil etdiyini demişdi.
Ekspertlərin fikrincə, Çin şirkətləri İran bazarına daxil olmaq üçün beynəlxalq maliyyə sistemi ilə əlaqələrini riskə atmaqda maraqlı deyillər. Onlar üçün digər bazarlara investisiya qoymaq daha asan və gəlirli hesab olunur.
Çinin İrana iqtisadi dəstəyinin ən real göstəricilərindən biri olan İran neftinin alınması da ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokada fonunda azalıb.
Hörmüz boğazı vasitəsilə əsasən Çinə göndərilən İran xam neftinin ixracı mart-aprel aylarında gündəlik təxminən 1,85 milyon bareldən avqust ayında cəmi 240 min barelə düşüb.
ABŞ-ın maliyyə naziri Skott Bessent isə İran neftindən təxminən 30 milyon barelin hələ dənizdə olduğunu və Çindən İrana ödənişlərin tükənmək üzrə olduğunu bildirib.
Ekspertlər hesab edirlər ki, Çin üçün İran əhəmiyyətli olsa da, əvəzolunmaz tərəfdaş deyil. Pekin nefti Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ və digər ölkələrdən də əldə edə bilər.
Bundan başqa, Çin Səudiyyə Ərəbistanı və BƏƏ ilə də mühüm enerji və iqtisadi əlaqələrə malikdir. Çinin xam neft idxalının təxminən yarısının Yaxın Şərqdən gəlməsi regionda sabitliyin Pekin üçün nə qədər vacib olduğunu göstərir.
Ekspertlərin fikrincə, Çin üçün ideal ssenari sabit, suveren, iqtisadi baxımdan dünya ilə əlaqəli və Qərbdən asılı olmayan İrandır. Lakin Pekin İranın ABŞ, İsrail və ya Körfəz ölkələri ilə qarşıdurmasının Çini tərəf seçməyə məcbur etməsini istəmir.
Bu baxımdan, Çinin ABŞ-ın birtərəfli sanksiyalarına qarşı çıxması və əks tədbirlər görəcəyi barədə xəbərdarlıqları İran iqtisadiyyatını tam şəkildə maliyyələşdirəcəyi anlamına gəlmir.
Məqalədə keçmiş ABŞ Maliyyə Nazirliyi rəsmisi Kerri Bitsoffun fikirlərinə də yer verilir. Onun sözlərinə görə, Çin-İran münasibətlərini tammiqyaslı müttəfiqlikdən daha çox müştəri-tərəfdaş münasibəti kimi qiymətləndirmək olar. Çin İran neftindən faydalanır və ABŞ-ın diqqətinin Yaxın Şərqə yönəlməsində maraqlı ola bilər. Lakin bu münasibətlər Pekinin digər strateji maraqlarına təhlükə yaratdığı anda Çin üçün İranın əhəmiyyəti məhdudlaşa bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB