“Əməkhaqqı artımı regionlarda kadr çatışmazlığını azaldacaq” -MİLLƏT VƏKİLİ

“Əməkhaqqı artımı regionlarda kadr çatışmazlığını azaldacaq” -MİLLƏT VƏKİLİ

“Səhiyyə sisteminin tələbatının qarşılanması və peşəkar fəaliyyətin təmin olunması, ilk növbədə, tibb işçilərinin motivasiyasından və kadr potensialının artırılmasından asılıdır”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.
Onun sözlərinə görə, bu baxımdan əməkhaqlarının artırılması yalnız həkimlərin sosial müdafiəsi və əmək hüquqlarının təmin olunması baxımından deyil, eyni zamanda Azərbaycanda əhalinin sağlamlığının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır:

”Başqa sözlə, bu, birbaşa insan kapitalına qoyulan investisiyadır.

Bu mənada tibb sistemində çalışan işçilərin əməkhaqlarının artırılmasını səhiyyə sahəsində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri kimi yüksək qiymətləndiririk. Eyni zamanda qeyd etmək lazımdır ki, bu artım təkcə mexaniki xarakter daşımır. Əməkhaqlarının diferensial şəkildə artırılması daha peşəkar yanaşmanın tətbiqini və işçilərin fəaliyyətinə uyğun stimullaşdırıcı mexanizmlərin formalaşdırılmasını təmin edir.

Məsələn, hansı sahədə çalışan həkimin əməyinin daha ağır, məsuliyyətli və əhəmiyyətli olduğu nəzərə alınırsa, həmin istiqamətdə əməkhaqqının daha yüksək artırılması məntiqli yanaşmadır. Eyni zamanda riskli şəraitdə və gecə növbələrində çalışan tibb işçilərinin əməyinin əlavə şəkildə qiymətləndirilməsi də olduqca vacibdir.

Regionlarda əlavə əməkhaqqı indeksasiyasının tətbiq olunması da mühüm addımdır. Çünki ayrı-ayrı bölgələrdə tibb kadrlarının çatışmazlığı müşahidə olunur. Əməkhaqlarının artırılması regionlarda çalışan mütəxəssislərin motivasiyasının yüksəldilməsinə və yeni kadrların həmin ərazilərə cəlb olunmasına müsbət təsir göstərə bilər.

Beləliklə, bu addımlar həm tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həm də onların öz işlərinə münasibətdə məsuliyyətinin və motivasiyasının artırılmasına xidmət edəcək. Digər tərəfdən, müxtəlif bölgələrdə mövcud olan kadr çatışmazlığının aradan qaldırılmasına da müəyyən töhfə verəcək.

Digər mühüm məsələ isə kadr axınının qarşısının alınmasıdır. Tibb mütəxəssislərinin dövlət müəssisələrindən özəl klinikalara, eləcə də ölkə xaricinə üz tutmasının qarşısının alınması baxımından əməkhaqlarının artırılması müsbət nəticələr verə bilər.

Ümumilikdə, hesab edirəm ki, bu islahatlar davamlı xarakter daşımalıdır. Gələcəkdə dövlət sektorunda, dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələrində, Sosial Müdafiə Nazirliyi sistemində və digər aidiyyəti sahələrdə çalışan tibb işçilərinin də əməkhaqlarının mərhələli şəkildə artırılmasını gözləmək olar.

Tibb sahəsində çalışan işçilərin əməkhaqlarının artırılması, heç şübhəsiz, özəl tibb sektorunda da əməkhaqqı siyasətinə daha ciddi yanaşılmasına və bu sahədə rəqabət mühitinin güclənməsinə müsbət təsir göstərəcək.

Bu islahatların davamlı şəkildə həyata keçirilməsi, təbii ki, digər istiqamətlər üzrə də islahatların aparılmasını zəruri edir və düşünürəm ki, bu proses gələcəkdə də davam etdiriləcək. Şübhəsiz ki, tibbi xidmətin keyfiyyətinin artırılması yalnız əməkhaqqının yüksəldilməsindən asılı deyil. Burada əməkhaqqının diferensial qaydada artırılması ilə yanaşı, bir sıra digər mühüm amillər də nəzərə alınmalıdır.

İlk növbədə, həkimin və ya orta tibb işçisinin sabit əməkhaqqı ümumi gəlirin əsas hissəsini təşkil etməlidir. Bu, işçinin sosial təminatına dövlət tərəfindən verilən zəmanətdir. Digər hissə isə işçinin fəaliyyətinin nəticələrinə uyğun müəyyənləşdirilə bilər. Burada qəbul etdiyi xəstələrin sayı, göstərdiyi tibbi xidmətin keyfiyyəti və nəticələri, pasiyentlərin məmnunluğu, eləcə də həkim və orta tibb işçisinin peşəkar hazırlığı, bilik və bacarıqlarını daim artırması kimi meyarlar nəzərə alına bilər.

Ona görə də əməkhaqqının artırılması sadəcə rəqəmlərin dəyişdirilməsi deyil. Bu, bütövlükdə səhiyyə islahatlarının mühüm tərkib hissəsidir. Əsas məqsəd tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərən amillərin gücləndirilməsi, tibb işçilərinin motivasiyasının artırılması və iş yerlərində əmək intizamının möhkəmləndirilməsidir.

Digər mühüm amil işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasıdır. Bu da tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərir. Tutaq ki, həkimin və ya tibb işçisinin əməkhaqqı yüksəkdir, amma onun işlədiyi müəssisədə lazımi şərait yoxdur. Daimi stress və gərginlik, normal psixoloji mühitin olmaması, müasir tibbi avadanlıqların çatışmazlığı, xəstələrin qəbulu və müayinələr üçün uzun növbələrin yaranması xidmətin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Hesab edirəm ki, səhiyyə islahatları çərçivəsində bu problemlər də nəzərə alınmalı və mərhələli şəkildə aradan qaldırılmalıdır.

Əməkhaqlarının yüksəldilməsinin digər müsbət tərəfi isə gənclərin və peşəkarların tibb sahəsinə marağının artmasıdır. Tibb işinin maddi və sosial baxımdan daha cəlbedici olması bu sahəyə yeni kadrların gəlməsinə və mövcud kadrların öz peşələrində qalmasına müsbət təsir göstərə bilər.

Eyni zamanda səhiyyənin maliyyələşdirilməsinin artırılması da vacib məsələlərdən biridir. Tibb işçilərinin orta əməkhaqqının ölkə üzrə orta əməkhaqqından yüksək olması onların əməyinin məsuliyyətinə və əhəmiyyətinə uyğun olmalıdır.

Digər mühüm məsələ isə həkimlərlə orta tibb işçilərinin əməkhaqları arasında nisbətin düzgün qurulmasıdır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da xəstənin müalicə prosesində orta tibb işçilərinin – tibb bacılarının, feldşerlərin və digər əməkdaşların böyük əməyi və məsuliyyəti var. Buna görə onların əməkhaqları elə səviyyədə olmalıdır ki, öz peşələrinə daha böyük məsuliyyət və motivasiya ilə yanaşsınlar.

Normal halda orta tibb işçisinin əməkhaqqı həkimin əməkhaqqının təxminən yarısı səviyyəsində və ya müəyyən hallarda bundan bir qədər yüksək ola bilər. Məsələn, həkimlərin orta əməkhaqqı 2 min manat təşkil edirsə, orta tibb işçilərinin əməkhaqqının da buna uyğun, kifayət qədər yüksək səviyyədə müəyyənləşdirilməsi daha effektiv nəticə verə bilər.

Eyni zamanda sanitar və digər yardımçı tibb personalının əməkhaqları da diqqətdən kənarda qalmamalıdır. Onların əməkhaqqı orta tibb işçisinin əməkhaqqının təxminən 70 faizindən aşağı olmamalıdır. Bu, həmin işçilərin də öz vəzifələrinə daha məsuliyyətli və motivasiyalı yanaşmasına şərait yarada bilər.

Əsas məqsəd tibb işçilərinin maddi təminatının elə səviyyəyə çatdırılmasıdır ki, onlar pasiyentin cibinə deyil, öz əməyinə və peşəkarlığına güvənsinlər. Şəffaf və layiqli əməkhaqqı sistemi həm korrupsiya risklərinin azalmasına, həm də tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər.

Bütün bunlar səhiyyənin maliyyələşdirilməsi və əməkhaqqı siyasətinin ən mühüm elementlərindəndir. Bu məsələlər istər özəl sektorda, istər dövlət səhiyyə sistemində, istərsə də icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən tibb müəssisələrində nəzərə alınmalıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə