“Bəzən problem telefon deyil, uşaq telefonda real həyatda tapa bilmədiyi bir şeyi axtarır” - PSİXOLOQ
"Məncə, yeni tədris ilinin başlaması ilə valideynlərin qarşısında duran əsas məsələ uşağın telefonunu əlindən almaq yox, onun rəqəmsal mühitlə sağlam münasibət qurmasına kömək etməkdir".Bu fikirləri SİA-ya açıqlamasında klinik psixoloq, psixoterapevt İlkin Kazımlı bildirib.

Onun sözlərinə görə, bu gün telefon və sosial media uşaqlar üçün sadəcə əyləncə vasitəsi deyil: "Onlar üçün ünsiyyət, məlumat əldə etmək, özünü ifadə etmək və bəzən də emosional gərginlikdən uzaqlaşmaq vasitəsidir. Ona görə də “telefonu yığışdırdım, problem həll olundu” yanaşması uzunmüddətli nəticə vermir.
Əvvəlcə valideyn uşağın telefondan nə məqsədlə və nə qədər istifadə etdiyini anlamalıdır. Məsələn, uşaq sosial şəbəkəyə daha çox darıxdığı üçün girir, dostları ilə ünsiyyət qurmaq üçün istifadə edir, yoxsa stress, tənhalıq, narahatlıq və ya məktəbdə yaşadığı problemlərdən qaçmaq üçün telefona sığınır? Bunların hər birinə yanaşma fərqli olmalıdır.
Valideynlər evdə əvvəlcədən konkret rəqəmsal qaydalar müəyyən etməlidirlər. Məsələn, dərs zamanı, yemək masasında və yatmazdan əvvəl telefon istifadəsi olmamalıdır. Telefonun gecə uşağın yatağının yanında saxlanılmaması da vacibdir. Çünki xüsusilə sosial medianın gecə istifadəsi yuxu rejiminə və səhər məktəbə adaptasiyaya mənfi təsir göstərə bilər.
Amma burada ən böyük səhvlərdən biri odur ki, valideyn uşağa limit qoyur, özü isə günün böyük hissəsini telefonda keçirir. Uşaq valideynin dediyini deyil, davranışını model götürür. Əgər valideyn yemək zamanı telefondan ayrılmırsa, uşağa “telefonla oynama” deməsi çox inandırıcı görünmür.
Digər vacib məsələ alternativ yaratmaqdır. Uşağın telefonunu məhdudlaşdırırsınızsa, onun yerinə nə verirsiniz? İdman, dostlarla canlı ünsiyyət, ailəvi fəaliyyətlər, kitab, oyun, yaradıcılıq və digər sosial fəaliyyətlər uşağın həyatında kifayət qədər yer tutmalıdır. Əks halda telefonun yaratdığı boşluq daha da böyük görünəcək.
Məktəbin də burada ciddi rolu var. Məncə, məktəblərdə uşaqlara sosial medianın yalnız zərərlərindən danışmaq əvəzinə rəqəmsal savadlılıq öyrədilməlidir. Uşaq bilməlidir ki, sosial media platformalarının alqoritmləri onun diqqətini mümkün qədər uzun müddət saxlamaq üçün işləyir. “Bir video da baxım” hissinin necə yarandığını, bildirişlərin davranışa necə təsir etdiyini və sosial müqayisənin psixoloji vəziyyətə necə təsir edə biləcəyini anlamalıdır.
Eyni zamanda müəllimlər və məktəb psixoloqları uşaqlarda rəqəmsal asılılığın ilkin əlamətlərinə diqqət etməlidirlər. Məsələn, uşaq telefonu əlindən alınanda həddindən artıq aqressivləşirsə, dərsə və digər fəaliyyətlərə marağı azalırsa, yuxu rejimi pozulursa, real sosial münasibətlərdən uzaqlaşırsa və telefon istifadəsinə nəzarət edə bilmirsə, artıq sadəcə “çox telefon istifadə edir” demək kifayət deyil. Burada problemin səbəbini araşdırmaq lazımdır.
Valideyn və məktəb də bir-birindən ayrı fəaliyyət göstərməməlidir. Evdə bir qayda, məktəbdə tamamilə başqa yanaşma olduqda uşaq üçün sərhədlər qarışıq olur. Buna görə məktəb-valideyn əməkdaşlığı vacibdir.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: hər çox telefon istifadə edən uşağı “asılı” adlandırmaq düzgün deyil. Sadəcə ekran qarşısında keçirilən saatın çox olması avtomatik olaraq asılılıq demək deyil. Biz uşağın funksionallığına baxmalıyıq: yuxusu, dərsləri, sosial münasibətləri, ailə münasibətləri, emosional vəziyyəti və gündəlik fəaliyyətləri nə dərəcədə pozulur?
Ən əsası isə uşağı utandırmaq və qorxutmaq deyil. “Telefonu əlindən alsam, məndən nifrət edəcək” qorxusu ilə sərhəd qoymamaq da, “telefonunu bir də görsəm sındıracağam” kimi sərt cəza tətbiq etmək də sağlam yanaşma deyil.
Valideynin mövqeyi belə olmalıdır: “Sənin telefon istifadə etməyinə qarşı deyiləm, amma bunun sənin yuxuna, dərsinə, sağlamlığına və münasibətlərinə zərər verməsinə icazə verməyəcəyəm.”
Yəni məqsəd uşağı rəqəmsal dünyadan tamamilə uzaqlaşdırmaq deyil. Çünki bu, real həyatda mümkün də deyil. Məqsəd uşağa özünü idarə etməyi, sərhəd qoymağı və texnologiyadan istifadə etməyi öyrətməkdir.
Mən bunu üç əsas prinsipdə ümumiləşdirərdim: aydın sərhədlər, valideyn nümunəsi və uşağın emosional ehtiyaclarının qarşılanması.
Çünki bəzən problem telefon deyil. Uşaq telefonun içində real həyatda tapa bilmədiyi bir şeyi axtarır: diqqət, qəbul olunmaq, dostluq, həyəcan və ya sadəcə özünü yaxşı hiss etmək.
Ona görə telefonu uşağın əlindən almaqdan əvvəl özümüzə bir sual verməliyik: “Bu uşaq telefonda nə tapır ki, real həyatda tapa bilmir?” Məncə, rəqəmsal asılılığın qarşısının alınmasında ən vacib psixoterapevtik suallardan biri məhz budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB