"Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Azərbaycanın regional geosiyasi və iqtisadi baxışlarının mühüm elementlərini əks etdirən siyasi mesaj kimi qiymətləndirilə bilər. Müsahibədə Naxçıvanın gələcəyi nəqliyyat, enerji və təhlükəsizlik amillərinin kəsişdiyi strateji məkan kimi təqdim olunur".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu baxımdan ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Prezidentin müsahibədə layihənin tarixçəsinə geniş yer ayırması göstərir ki, Naxçıvanla ölkənin əsas hissəsinin bağlantısı yalnız nəqliyyat məsələsi deyil:
"Burada söhbət Azərbaycanın regional kommunikasiya sistemində mövqeyinin gücləndirilməsindən gedir. Horadiz–Ağbənd yolunun tamamlanmaq üzrə olması, dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi və Naxçıvan istiqamətində xəttin 15 milyon ton yükaşırma qabiliyyətinə çatdırılması planları bu baxışın praktiki ifadəsidir.
Naxçıvan dəmir yolunun beynəlxalq konsorsium üçün açıq elan edilməsi də xüsusi əhəmiyyət daşıyır. Burada əsas prinsip Azərbaycanın nəzarətinin qorunması ilə beynəlxalq kapital və tərəfdaşlığın cəlb edilməsidir. Bu model bir tərəfdən layihənin maliyyələşdirilməsini və beynəlxalq yükdaşıyıcıların marağını artıra, digər tərəfdən Naxçıvanı daha geniş logistika şəbəkəsinə bağlaya bilər. Prezidentin vaxt amilini xüsusi vurğulaması isə Azərbaycanın bu layihələrə strateji prioritet kimi yanaşdığını göstərir.
Nəqliyyat məsələsi enerji strategiyası ilə tamamlanır. Naxçıvanda yaradılan və yaradılması planlaşdırılan enerji generasiya gücləri muxtar respublikanı istehlakçı mövqeyindən potensial ixracatçı mövqeyinə keçirməyə hesablanıb. Günəş enerjisinin istehsal potensialının yüzlərlə meqavatla ölçülməsi, yeni istilik elektrik stansiyasının tikintisi, su elektrik layihələri və enerji saxlanc sistemlərinin yaradılması bu istiqamətdə uzunmüddətli planın mövcudluğunu göstərir.
Burada diqqətçəkən məqam enerji layihələrinin yalnız Naxçıvanın daxili tələbatı ilə məhdudlaşdırılmamasıdır. Türkiyə və İran istiqamətində mövcud bağlantıların genişləndirilməsi, gələcəkdə Avropa bazarına çıxış imkanlarının nəzərdən keçirilməsi Azərbaycanın enerji ixrac coğrafiyasını şaxələndirmək niyyətini ortaya qoyur. Ermənistan ərazisindən mümkün enerji xəttinin çəkilməsi ideyası isə Zəngəzur dəhlizinin nəqliyyatla yanaşı, enerji və kommunikasiya komponentlərinin də formalaşdırılmasının nəzərdə tutulduğunu göstərir.
Bu mənada Naxçıvanın gələcək rolu yalnız bir muxtar respublikanın inkişafı çərçivəsində izah edilə bilməz. Burada Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının bir-biri ilə əlaqələndirilməsi perspektivi var. Azərbaycan ərazisindən keçən yüklərin həcminin artırılması ölkənin tranzit imkanlarını genişləndirə, Naxçıvan isə bu sistemin mühüm qovşaqlarından birinə çevrilə bilər. Belə bir inkişaf iqtisadi fəallığın yüksəlməsi, yeni xidmət sahələrinin yaranması və məşğulluğun artması ilə nəticələnə bilər.
Müsahibənin digər mühüm mesajı Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası daxilində nəzərdən keçirilməsidir. Bu yanaşma regionların yalnız inzibati deyil, iqtisadi, enerji, nəqliyyat və sosial əlaqələrinin də gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, Naxçıvanın muxtar statusunun saxlanılması şərti ilə yeni idarəetmə mexanizmlərinin tətbiqinin gündəmə gətirilməsi idarəetmənin daha çevik və nəticəyönümlü qurulmasına hesablanır.
Ümumilikdə, Prezidentin müsahibədə səsləndirdiyi fikirlər göstəriir ki, Naxçıvanla bağlı qarşıda duran əsas hədəf onun coğrafi məhdudiyyətlərini strateji üstünlüklərə çevirməkdir. Bunun üçün təhlükəsizlik, enerji, logistika, sənaye və regional əməkdaşlıq bir-birindən ayrı deyil, vahid sistemin elementləri kimi nəzərdən keçirilir. Bu model reallaşdığı təqdirdə Naxçıvan Azərbaycanın regional iqtisadi əlaqələrində daha fəal iştirak edən, enerji və nəqliyyat imkanları ilə seçilən mühüm mərkəzlərdən birinə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB