“ABŞ Cənubi Qafqazda sülhün qorunmasında maraqlıdır” - POLİTOLOQ

“ABŞ Cənubi Qafqazda sülhün qorunmasında maraqlıdır” - POLİTOLOQ

"Sovetlər İttifaqı dağılandan sonra Cənubi Qafqaza maraq çox oldu. O cümlədən həm Avropa ölkələrindən, həm də Amerikadan. Bildiyiniz kimi, 44 günlük müharibədən sonra konflikt tam bitməmişdi, davam edirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə , Azərbaycan sülh təşəbbüsü ilə irəli çıxdı və məhz bu sülh müqaviləsi keçən il avqustun 8-də ABŞ-da, Ağ Evdə Donald Trampın iştirakı ilə paraflandı və Vaşinqton Bəyanatı qəbul edildi:

"O zamandan bəri, demək olar ki, Ermənistanla Azərbaycan arasında sülh şəraitində yaşayırıq. Sərhədlərdə heç bir atəş-filan yoxdur və bir çox məsələlərdə artıq irəli getmişik, birbaşa əməkdaşlıq yaranıb. Azərbaycan üzərindən Ermənistana, Azərbaycanın razılığı ilə, Qazaxıstana taxıl göndərildi. Sonra isə Rusiyadan taxıl, yanacaq daşındı və Azərbaycan özü də Ermənistana artıq yanacaq satır. Yəni, bunu da Donald Tramp nəzərdə saxlayır və alqışlayır.

Eyni zamanda, bildiyimiz kimi, Tramp marşrutu da Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. ABŞ ilə razılığa gəlinib və işçi qrup yaradılıb. Həmin fondun həcmi əvvəl 240 milyon idi, indi isə 420 milyon həcmə çatdırılıb. Layihələndirmə işləri gedir və yaxın zamanda işlər başlayacaq.

Yəni, Vaşinqton Cənubi Qafqaz siyasətində özü önə çıxmaq istəyir və demək olar ki, artıq Rusiya Cənubi Qafqazdan çıxıb. Sonuncu dayağı Ermənistanda olan Gümrü bazasıdır. Artıq üç ildir ki, Ermənistan da KTMT-nin tədbirlərində iştirak etmir, üzvlüyünü dondurub və yalnız Avrasiya İqtisadi Forumunda iştirak edir. Orada da Ermənistan öz məqsədləri, yəni xeyri üçün iştirak edir.

Ancaq görünən odur ki, Ermənistan Avrasiya İttifaqından və bu siyasi blokdan çıxacaq. Bunu da ruslar bilir. Putin bunu əvvəllər də bildirib ki, siz öz yolunuzu seçin. Rusiyanın baş naziri də deyib ki, ya Avropa İttifaqı ilə əlaqələri kəsməlisiniz, ya da bizimlə əlaqələri.

Yəni, belə bir kontekstdə ABŞ-ın Cənubi Qafqaz siyasəti daha da güclənib, bu böyük layihədə iştirakını təmin edib. Orta Asiyanın neft məhsullarının və digər mallarının daşınması da ABŞ üçün maraqlıdır və bu layihədə iştirak etmək istəyir.

Qısaca desək, Amerika artıq bu siyasəti yürüdür, Cənubi Qafqaza daxil olur və Azərbaycanla Ermənistan arasında sülhün qorunmasında maraqlıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə