“Yeni Azərbaycan Partiyasının təməlini məhz "91-lər"in təşəbbüsü qoydu” - Munis Bayramov

“Yeni Azərbaycan Partiyasının təməlini məhz "91-lər"in təşəbbüsü qoydu” - Munis Bayramov

“Yeni Azərbaycan Partiyasının yaradılmasının əsasını məhz "91-lər"in təşəbbüsü qoydu. Əgər həmin təşəbbüs olmasaydı, bəlkə də partiya ya yaranmayacaq, ya da tamamilə fərqli formada formalaşacaqdı”.

SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının “91-lər” nümayəndəsi Munis Bayramov Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının tədbirlər planına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP-ın “Qızıl Fondu” olan 91-lər və partiya veteranları ilə görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, partiyanın yaranmasında iştirak edən bütün insanların xidmətləri yüksək qiymətləndirilməli və onların fəaliyyəti unudulmamalıdır. Onun sözlərinə görə, tarixi hadisələrə hər zaman obyektiv yanaşmaq və faktlara əsaslanmaq vacibdir.

Munis Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından əvvəl fəaliyyət göstərən “Yaşıl Gənclik” hərəkatı qarşıya qoyduğu məqsədlərə nail ola bilməsə də, Heydər Əliyevin ətrafında birləşmək istəyən insanların mövcudluğunu cəmiyyətə göstərdi və bu baxımdan mühüm rol oynadı.

“91-lər”in nümayəndəsi vurğulayıb ki, Heydər Əliyevlə həmin dövrdə dəfələrlə görüşərək yeni siyasi təşkilatın yaradılması ilə bağlı müzakirələr aparıb. Onun sözlərinə görə, ilk görüş 1992-ci il mayın 28-də Müstəqillik Gününə həsr olunmuş “Ümid körpüsü: Türkiyə–Azərbaycan” tədbiri çərçivəsində baş tutub.

M.Bayramov bildirib ki, sonrakı görüşlərdə “Yaşıl Gənclik” hərəkatının gözlənilən nəticəni vermədiyi qeyd olunub və ölkədə yeni siyasi təşkilatın yaradılmasının zəruriliyi müzakirə edilib. O əlavə edib ki, Heydər Əliyev bunun çətin və böyük məsuliyyət tələb edən iş olduğunu bildirsə də, partiyanın yaradılmasını zəruri hesab edib və bu təşəbbüsü dəstəkləyib.

Onun sözlərinə görə, həmin dövrdə müxtəlif maneələr və təzyiqlərlə üzləşsələr də, məqsədlərindən geri çəkilməyərək Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində qarşıya qoyulan tarixi missiyanı uğurla həyata keçiriblər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə