”Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlıq platformasının əhəmiyyəti artır” - DEPUTAT DANIŞDI
"Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır".
Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Bakı ilə Bişkek arasında əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəltdi:
"Bu, həm ikitərəfli münasibətlər, həm də Türk dünyasının inteqrasiyası, Cənubi Qafqaz–Mərkəzi Asiya əməkdaşlığı və Avrasiya geosiyasəti baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırki geosiyasi şəraitdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin sürətlə inkişafı zərurətə çevrilib. Xəzər dənizi Şərqlə Qərbi birləşdirən strateji körpü rolunu oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri regional əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi.
Dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qaldırıldı.
Azərbaycan və Qırğızıstan artıq münasibətlərini dostluq və strateji tərəfdaşlıq çərçivəsində, həmçinin qarşılıqlı öhdəliklərə əsaslanan müttəfiqlik formatında inkişaf etdirəcəklər. Bakı və Bişkek beynəlxalq təşkilatlarda, təhlükəsizlik məsələlərində, iqtisadi əməkdaşlıqda və regional təşəbbüslərdə bir-birinə daha güclü siyasi dəstəyi davam etdirəcək.
Bişkek də Azərbaycanla münasibətləri uzunmüddətli strateji perspektivdə inkişaf etdirmək niyyətindədir. İki ölkə arasında siyasi dialoq artıq ən yüksək səviyyəyə çatıb və qarşılıqlı etimad möhkəm təməl yaradıb.
Səfər zamanı dövlət başçıları Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə qərar qəbul etdilər.
Bu qərar sənaye, kənd təsərrüfatı, logistika, emal sənayesi və turizm kimi sahələrdə birgə layihələrin maliyyələşdirilməsi üçün yeni imkanlar yaradır.
Səfər zamanı İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa olunan beşulduzlu “Bakı” hotelinin açılışı da rəmzi məna daşıyır. Prezident İlham Əliyev bu layihəni Azərbaycan investisiyalarının dost ölkələrin inkişafına töhfəsi kimi qiymətləndirib. Sadır Japarov isə bu layihənin “xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi” olduğunu vurğuladı.
Geosiyasi baxımdan səfərin ən mühüm istiqamətlərindən biri Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq platformasının formalaşmasıdır. Cənab Prezidentin açıqladığı statistik rəqəmlər də diplomatik fəallığın miqyasını nümayiş etdirir. Belə ki, 2023-cü ilin əvvəlindən Mərkəzi Asiya ölkələrinə 16 səfər, həmin ölkələrin liderlərinin isə Azərbaycana 26 səfəri həyata keçirilib.
Bu gün Orta Dəhliz Avrasiyanın yeni iqtisadi və geosiyasi arxitekturasının əsas elementlərindən biridir. Xəzər dənizi üzərindən keçən marşrutların əhəmiyyətinin artması Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşına çevirir. Bu kontekstdə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə ilk dəfə tamhüquqlu üzv kimi iştirakı da xüsusi siyasi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycanla Mərkəzi Asiya münasibətləri institusional xarakter almaqdadır və regional əməkdaşlıq mexanizmlərində ölkəmizin rolu daha da artır.
Cənab Prezidentin Qırğızıstan səfəri humanitar əməkdaşlığın dərinləşdirilməsi baxımından da əlamətdar oldu. Qarabağın bərpasında Qırğızıstanın dəstəyi, Ağdamda məktəb inşası, həmçinin Çingiz Aytmatovun irsinin birgə təbliği, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və dostluq parklarının salınması ortaq türk kimliyinin və mədəni bağların daha da möhkəmləndiyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB