Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR

Bakıda Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Zati-aliləri xanım Lu Mey və Müdafiə attaşesi, baş polkovnik Sonq Junun ev sahibliyi ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

SİA xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Zati-aliləri xanım Lu Mey və Müdafiə attaşesi, baş polkovnik Sonq Junun ev sahibliyi ilə təşkil olunan rəsmi qəbul iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, ictimai-siyasi xadimlər və media təmsilçiləri iştirak ediblər.

Rəsmi qəbulda Azərbaycan ilə Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin perspektivləri vurğulanıb.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında bildirib ki, sülh və inkişaf bütün xalqların ortaq arzusudur. O qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən bəşəriyyət üçün vahid taleyə malik icmanın qurulması konsepsiyası və qlobal təşəbbüslər beynəlxalq çağırışların aradan qaldırılması, davamlı sülh, təhlükəsizlik və ortaq rifahın təmin olunmasına xidmət edir.

Səfir vurğulayıb ki, Çin süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Onun sözlərinə görə, Çinin təşəbbüsü ilə yaradılan Süni İntellekt üzrə Ümumdünya Əməkdaşlıq Təşkilatı bu sahədə beynəlxalq əməkdaşlığın inkişafında mühüm addımdır. Lu Mey əlavə edib ki, Çin Azərbaycanla "Bir kəmər, bir yol" təşəbbüsü, süni intellekt və digər istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməyə, regionda və dünyada sülh və inkişafın təşviqi naminə birgə fəaliyyət göstərməyə hazırdır.

Müdafiə attaşesi, baş polkovnik Sonq Jun isə çıxışında qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu 99 il ərzində ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və inkişafının təmin olunmasına mühüm töhfələr verib. O bildirib ki, bu gün ordu müasirləşmə mərhələsini uğurla davam etdirir və regional, eləcə də qlobal sülhün möhkəmləndirilməsinə xidmət edən beynəlxalq missiyalarda fəal iştirak edir.

Sonq Jun, həmçinin Çin ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, yüksəksəviyyəli səfərlər, peşəkar dialoq və hərbi təhsil sahəsində qarşılıqlı mübadilələrin ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirib və gələcəkdə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Tədbir bədii proqramla davam edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə