Doğma yurda qayıdışın sevincini yaşayanlar - TƏHLİL

Doğma yurda qayıdışın sevincini yaşayanlar - TƏHLİL

Dünyada yenidən formalaşan güc mərkəzləri arasında Azərbaycan əsas ölkələrdəndir. Səbəbi də Azərbaycanın hər bir sahədə möhtəşəm uğurlar, qələbələr qazanması və beynəlxalq aləmdə böyük nüfuz sahiblərindən olmasıdır. Təbii ki, Azərbaycanın dünya miqyasında gücünə güc qatan əsas səbəblərdən bir də 30 il işğal altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. Azərbaycan hərbi qüdrəti ilə öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edərək yeni-yeni zəfərlərə doğru addımlayır. Əldə olunan parlaq hərbi, siyasi, iqtisadi, sosial uğurlara görə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətinə və bu siyasəti böyük əzmlə davam etdirən Fateh Sərkərdə, ölkə Prezidenti İlham Əliyevə minnətdarıq. Məlum faktdır ki, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Bu özbaşınalıqdan istifadə edən məkrli Ermənistan ardıcıl olaraq torpaqlarını işğal edirdi. Vəziyyətin son dərəcə ağır olması ölkəmizi müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə ağır dövrdə xalq üzünü ümid yeri Ulu Öndərimiz Heydər Əliyevə tutdu. Bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun sədri olmağa razılıq verdi. Lakin ozamankı AXC-Müsavat iqtidarı Dahi Öndər Heydər Əliyevin Bakıya gəlməsinə maneələr yaradırdı. Bu səbəbdən də partiyanı yaratmaq istəyən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da, ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrünün əsası qoyuldu. Ulu Öndərimizin müdrik siyasəti nəticəsində bütün çətinliklər, ağrılı problemlər aradan qaldırıldı və Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrildi. Sevincliyik, həm də qürurluyuq ki, Ulu Öndərimizin siyasətini Onun ən layiqli siyasi varisi, Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Dahi Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti siyasi iradəsi sayəsində 30 il işğalda olan torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu. Artıq işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq, bərpa, tikinti işləri aparılır. Görülən işlərin fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bu isə o gözəl, dilbər bölgələrə yeni nəfəs gətirir.

Böyük Qayıdışın ilk təməl daşı Cocuq Mərcanlıdan qoyuldu

Böyük qayıdışın təməl daşı Cocuq Mərcanlıdan qoyuldu. Hansı ki, 2016-cı ilin aprel döyüşləri zamanı Müzəffər Azərbaycan Ordusu Cəbrayıl və Fizuli istiqamətində bir sıra yaşayış məskənlərini, strateji yüksəklikləri işğaldan azad etdi. Bu baxımdan demək olar ki, torpaqlarımızın azadlığının ilk xoş sədası 2016-cı ildə dörd günlük döyüşlərlə erməni terror dəstələrinin məhv edilərək ərazilərimizin azad edilməsi ilə qoyuldu. Həm də, işğaldan azad edilən ərazilərə köç və quruculuq, təmir və bərpa işlərinin ilk ünvanı Cocuq Mərcanlı oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Bununla da Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.

2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. 2023-cü il 19 sentyabrında Xankəndidə aparılan anti-terror əməliyyatları ilə Qarabağda separatizmin əsasını qoyan və insanlığa qarşı cinayətlər törədən hərbi canilərin bir qismi məhv edildi, bəziləri isə həbs olunaraq məhkəmə qarşısına çıxarıldılar. Məhkəmə çoxsaylı cinayətlər, terror əməlləri törədən erməni əsilli hərbi canilərə qarşı ədalətli hökm çıxarıldı. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasından dərhal sonra işğaldan azad edilən ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. 2022-ci il noyabrın 16-da ölkə Prezidenti, Qarabağ Fatehi İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Dövlət Proqramının icrasının uğurla başa çatdırılması üçün dövlət büdcəsindən maliyyə vəsaitləri ayrılıb. Maliyyə naziri Sahil Babayev Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirmişdir ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də, ilk növbədə, bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur: "2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə, azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik".

Doğma yurda qayıdış davamlı xarakter daşıyır

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir. Dövlət Proqramı çərçivəsində bu ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi, 34500 mənzil və fərdi yaşayış evinin inşa edilməsi, 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Əhalinin məşğulluğunu təmin edilməsi üçün geniş işlər, proqramlara həyata keçirilir. Nəticələr ürəkaçandır. Artıq işğaldan azad edilən ərazilərdə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda "Dost Aqropark" və s. müəsissələr fəaliyyət göstərir. Eyni zamanda olimpiya İdman Kompleksləri, Gənclər Evləri, "ASAN Xidmət" və "DOST" mərkəzləri yaradılıb. Cari ilin sonunadək 49 Ailə Sağlamlıq Mərkəzinin və 39 tibb məntəqəsinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Təmir, bərpa və tikinti işlərindən sonra əhali öz doğma yurd-yuvalarına qayıdırlar. Bununla da o yerlərə yeni nəfəs, həyat bəxş edirlər. İnsanlar böyük sevinclə doğma ocaqlarında bağlar, bostanlar salır, həyət-bacalarının daha gözəl olması üçün gül-çiçək əkirlər. Məlumatlara görə, bu günə qədər 80 minə yaxın insan öz doğma yurd yerlərinə qayıdıblar. İlin sonuna qədər isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır. Ümumilikdə "Böyük Qayıdış" proqramının birinci mərhələsində işğaldan azad edilən ərazilərdə 110 yaşayış məntəqəsinin yenidən qurulması, təmir və bərpa edilməsi, tikilməsi nəzərdə tutulur.

Doğma yurda qayıdış davam edir. İyulun 24-də Cəbrayıl rayonunun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb. Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər, Cəbrayıl rayonun Şükürbəyli kəndinə 12 ailə, 55 nəfər, Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.Yurda qayıdış zamanı insanlar sevinir, bir-birini təbrik edirdilər. Xüsusilə də, uşaqlar məmnun görünürdülər. Axı onlar valideyinlərindən doğma yurdaları haqqında dön-dönə eşitdiklərini əyani şəkil də görəcək və orada xoşbəxt yaşayacaqlar. Doğma ocaqlarına qayıdan insanlar bu sevinci onlara bəxş edən Prezident, Fateh Sərkərdə İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqlarını bildiriblər. İnsanlar ərazilərimizin işğaldan azad edilməsində şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə