Berlində imzalanan ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik haqqında Birgə Bəyannamə Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsidir. Sənəd siyasi dialoqdan iqtisadi əməkdaşlığa, humanitar əlaqələrdən müdafiə sənayesi, elm və təhsil sahələrinə qədər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir. Bu isə göstərir ki, iki ölkə arasındakı münasibətlərin gündəliyi xeyli genişlənib, yeni prioritetlər formalaşıb və tərəfdaşlıq daha dərin məzmun kəsb edib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Beynəlxalq münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.
O bildirib ki, imzalanmış Birgə Bəyannamədə dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılması, qarşılıqlı səfərlərin və institusional dialoqun genişləndirilməsi də öz əksini tapıb. Qarşıdakı dövrdə Azərbaycan və Almaniya arasında siyasi dialoq daha da intensiv xarakter alacaq. İki ölkə arasında münasibətlərin ən mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır.
Almaniya şirkətləri ilə imzalanmış 10 illik yeni müqaviləyə əsasən, ilkin mərhələdə bu ölkəyə ildə 1,5 milyard kubmetr, növbəti mərhələdə isə 2 milyard kubmetrədək Azərbaycan qazının nəqli nəzərdə tutulur. Bu, Azərbaycanın həm Almaniyanın, həm də bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyində artan rolunun göstəricisidir. Əlbəttə, Azərbaycanın qaz ixracı potensialının daha da artırılması üçün imkanlar mövcuddur. Bunun üçün hasilat və nəqliyyat infrastrukturunun genişləndirilməsinə, xüsusilə Avropa İttifaqı tərəfindən investisiya dəstəyinin göstərilməsinə ehtiyac var. Prezident İlham Əliyev də səfər zamanı Azərbaycanın bu prinsipial mövqeyini açıq şəkildə ifadə etdi.
S.Zahidov qeyd edib ki, Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi haqqında qərarın qəbul olunması əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addımdır. Hazırda Azərbaycanda 200-dən çox Alman şirkəti fəaliyyət göstərir. Biznes Şurasının yaradılması isə qarşılıqlı investisiyaların həcminin artırılmasına, yeni sahələr üzrə əməkdaşlığın genişlənməsinə və biznes dairələri arasında əlaqələrin sistemli şəkildə inkişafına əlavə imkanlar yaradacaq. Azərbaycan Almaniyanın sənaye və texnoloji potensialının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirakında da maraqlıdır. Burada söhbət rəqəmsal texnologiyalar, yaşıl enerji, müasir sənaye həlləri və innovativ yanaşmaların tətbiqindən gedir. Alman şirkətlərinin bu sahələrdəki zəngin təcrübəsi Azərbaycanın bərpa prosesinə mühüm töhfə verə bilər.
“Ümumilikdə, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Almaniya münasibətlərini yeni strateji mərhələyə yüksəldən mühüm diplomatik hadisə kimi qiymətləndirilməlidir. Səfər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, biznes əlaqələrinin institusionallaşdırılması, nəqliyyat-logistika imkanlarının inkişafı və regional təhlükəsizlik məsələlərində tərəfdaşlığın möhkəmləndirilməsi baxımından yeni perspektivlər açır. Bütün bunlar onu göstərir ki, mövcud geosiyasi şəraitdə Azərbaycanın həm regional, həm də qlobal əhəmiyyəti getdikcə artır və Almaniya kimi Avropanın aparıcı dövlətləri ilə əməkdaşlıq da məhz bu reallıq əsasında yeni məzmun qazanır”, - deyə S.Zahidov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB