"Azərbaycan–Almaniya iqtisadi münasibətlərində yeni mərhələ başlayır" - ŞƏRH

"Azərbaycan–Almaniya iqtisadi münasibətlərində yeni mərhələ başlayır" - ŞƏRH

"Azərbaycan–Almaniya münasibətləri iqtisadi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfərinin ilk günündə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüş iki ölkə arasında iqtisadi əlaqələrin strateji əhəmiyyətini bir daha nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirib.

Onun sözlərinə görə, görüş zamanı qarşılıqlı maraq doğuran iqtisadi əməkdaşlıq istiqamətləri, investisiya imkanları, enerji təhlükəsizliyi, sənaye kooperasiyası və biznes əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olundu:

"Dövlət başçısının səfəri çərçivəsində imzalanan mühüm sənədlərdən biri – Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə – iqtisadi əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sənəd biznes dairələri arasında birbaşa əməkdaşlığın genişləndirilməsinə, yeni işçi qruplarının yaradılmasına, sahibkarlar arasında əlaqələrin intensivləşdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaq.

Biznes Şurasının fəaliyyəti qarşılıqlı investisiyaların artırılmasına, birgə müəssisələrin yaradılmasına, ticarət dövriyyəsinin genişləndirilməsinə, sənaye kooperasiyasının inkişafına və innovativ texnologiyaların tətbiqinə mühüm töhfə verəcək. Bu mexanizm dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, hər iki ölkənin biznes mühitinin potensialından daha səmərəli istifadə edilməsinə şərait yaradacaq.
Hazırda Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,5 milyard avronu ötüb.

Azərbaycanda Almaniya kapitallı 200-dən çox müəssisə fəaliyyət göstərir. Yeni yaradılan əməkdaşlıq platformalarının və əldə olunan razılaşmaların nəticəsində yaxın illərdə həm ticarət dövriyyəsinin həcminin, həm də Almaniya sərmayəsi ilə fəaliyyət göstərən müəssisələrin sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Enerji sahəsi Azərbaycan–Almaniya əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Bu ildən etibarən Azərbaycan Almaniyaya təbii qaz ixracına başlayıb. Gələcəkdə ixrac həcmlərinin artırılması üçün Avropanın qaz nəqli infrastrukturu və ötürücü şəbəkəsinin genişləndirilməsinə əlavə investisiyaların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir.

Almaniya bu istiqamətdə həm maliyyə, həm də texnoloji baxımdan mühüm tərəfdaş ola bilər.
Eyni zamanda, bərpa olunan enerji sahəsində də geniş əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi üçün böyük imkanlar yaradır. Gələcəkdə yaşıl enerjinin Avropa bazarlarına, o cümlədən Almaniyaya ixracı enerji əməkdaşlığına yeni strateji məzmun qazandıra bilər.
Qeyri-neft sektorunun inkişafı da əməkdaşlığın prioritet istiqamətlərindəndir. Azərbaycan istehsalı olan kənd təsərrüfatı və sənaye məhsullarının Almaniya bazarına çıxış imkanlarının genişləndirilməsi ixracın şaxələndirilməsinə və ölkəmizin qeyri-neft gəlirlərinin artmasına mühüm töhfə verə bilər.

Bununla yanaşı, rəqəmsal transformasiya, innovasiya və süni intellekt sahələrində Almaniyanın qabaqcıl təcrübəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı və süni intellekt strategiyasının uğurla həyata keçirilməsi istiqamətində Almaniya şirkətləri və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi yeni texnologiyaların tətbiqinə və yüksək ixtisaslı insan kapitalının formalaşmasına mühüm töhfə verə bilər.

Kənd təsərrüfatının modernləşdirilməsi, ağıllı aqrar texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və aqrar sahədə innovativ həllərin genişləndirilməsi istiqamətində də Almaniyanın zəngin təcrübəsindən faydalanmaq mümkündür. Eyni zamanda, peşə təhsili və kadr hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, əmək bazarının tələblərinə uyğun peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edəcək.

Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və keçirilən görüşlər Azərbaycan–Almaniya iqtisadi münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İmzalanmış razılaşmalar, yaradılan yeni əməkdaşlıq mexanizmləri və qarşılıqlı siyasi iradə göstərir ki, qarşıdakı illərdə iki ölkə arasında ticarət, investisiya, enerji, sənaye, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, kənd təsərrüfatı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq daha da genişlənəcək. Bu isə həm Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, həm də Almaniya ilə strateji iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcək".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə