“Şuşa Forumu qlobal media gündəliyinin formalaşmasında Azərbaycanın artan rolunu göstərir”
"Tarixən media ictimai rəyin təşəkkülünə təsir göstərən fundamental institutlardan biri kimi geosiyasi qərarların formalaşmasına, geoiqtisadi proseslərin istiqamətləndirilməsinə töhfə vermişdir". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurası İH üzvü Yeganə Hacıyeva bildirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların sürətli inkişafı və qlobal informasiya mühitinin transformasiyası ilə medianın funksional mahiyyətinin, təsir imkanlarının və beynəlxalq münasibətlər sistemindəki rolunun keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
Belə mürəkkəb və dinamik şəraitdə 4-cü dəfə keçirilən Şuşa Qlobal Media Forumu müasir media ekosistemində baş verən transformasiya proseslərinin, informasiya təhlükəsizliyi, rəqəmsal kommunikasiya, süni intellekt və qlobal informasiya idarəçiliyinə dair aktual çağırışların hərtərəfli müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma kimi özünü təsdiqləyib.
Forum çərçivəsində regional, qlobal və regionlararası əməkdaşlığın media müstəvisində yeni istiqamətləri müəyyənləşdirilir, strateji baxışlar və gələcəyə hesablanmış yanaşmalar təqdim olunur, beynəlxalq media əməkdaşlığının inkişafına xidmət edə bilən mühüm ideya və təşəbbüslər irəli sürülür.
Yüksək səviyyəli iştirakçılığı, intellektual müzakirələri və qəbul edilən konseptual yanaşmaları ilə Şuşa Qlobal Forumu qlobal media gündəliyinin formalaşdırılmasına əhəmiyyətli töhfə verən, beynəlxalq dialoqu və qarşılıqlı etimadı möhkəmləndirən uğurlu platforma kimi yadda qalır.
Şübhəsiz ki, IV Şuşa Qlobal Media Forumunun əsas məzmununu və intellektual ağırlıq mərkəzini Prezident İlham Əliyevin çıxışı təşkil etdi.
Dövlət başçısı qlobal media məkanında müşahidə olunan transformasiya proseslərini, rəqəmsal texnologiyaların informasiya mühitinə təsirini, bu dəyişikliklərin dövlətlər və cəmiyyətlər üçün yaratdığı yeni imkan və çağırışları, eləcə də onların milli təhlükəsizlik, informasiya suverenliyi və strateji kommunikasiya baxımından doğurduğu nəticələri geniş geosiyasi kontekstdə təhlil etdi.
Prezident tərəfindən səsləndirilən yanaşmalar müasir informasiya mühitində dövlətlərin milli maraqlarının qorunması, cəmiyyətlərin dezinformasiyaya qarşı dayanıqlılığının artırılması və beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm konseptual çərçivə təqdim etdi.
Qeyd edim ki, Prezident İlham Əliyev uzun illərdir beynəlxalq siyasi prosesləri dərindən təhlil edən, regional və qlobal təhlükəsizlik məsələlərinə dair praqmatik və strateji baxışı ilə tanınan nüfuzlu dövlət xadimlərindən biridir.
Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra onun beynəlxalq media platformalarında və müxtəlif nüfuzlu forumlarda səsləndirdiyi mövqelər Azərbaycanın informasiya siyasətinin qlobal miqyasda tanınmasına, ölkənin haqlı mövqeyinin beynəlxalq auditoriyaya ardıcıl və əsaslandırılmış şəkildə çatdırılmasına mühüm töhfə vermişdir.
Bu baxımdan, Prezident İlham Əliyev təkcə siyasi prosesləri düzgün qiymətləndirən dövlət başçısı kimi deyil, həm də müasir informasiya mühitinin strateji xüsusiyyətlərini dərindən dərk edən, strateji kommunikasiya və informasiya diplomatiyası sahəsində effektiv yanaşmalar formalaşdıran bir lider kimi çıxış edir.
IV Şuşa Qlobal Media Forumu da onun bu sahədə zəngin siyasi təcrübəsinin, analitik baxışının və strateji yanaşmalarının beynəlxalq media ictimaiyyəti ilə bölüşüldüyü mühüm platformaya çevrildi.
Forumda dünyanın müxtəlif ölkələrindən iştirak edən media nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri Prezident İlham Əliyevin səsləndirdiyi tezislərlə yaxından tanış olmaq, müasir geosiyasi proseslərə dair konseptual yanaşmaları birbaşa dinləmək imkanı əldə etdilər.
Bu baxımdan, Forum yalnız fikir mübadiləsi məkanı deyil, həm də qlobal informasiya gündəliyinin formalaşmasına, beynəlxalq media dialoqunun dərinləşməsinə və müxtəlif ölkələrdə Azərbaycanın irəli sürdüyü strateji yanaşmaların daha geniş auditoriyaya çatdırılmasına xidmət edən mühüm intellektual platforma kimi öz əhəmiyyətini bir daha nümayiş etdirdi.
Forum çərçivəsində Prezident İlham Əliyevin regional və qlobal təhlükəsizlik mühiti, beynəlxalq münasibətlər sistemində mövcud çağırışlar, risklər və inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər müasir geosiyasi reallıqların obyektiv qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısının təqdim etdiyi yanaşmalar yalnız mövcud beynəlxalq proseslərin mahiyyətini izah etməklə kifayətlənmir, eyni zamanda mahiyyətindən asılı olmayaraq Yaxın Şərq, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla by qədər geniş və müxtəlif coğrafiyalarda davam edən münaqişələrin həlli, dayanıqlı sülhün təmin edilməsi və etimad mühitinin formalaşdırılması istiqamətində konseptual yol xəritəsi kimi dəyərləndirə bilərik.
Xüsusilə Ukrayna münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər mövcud hərbi-siyasi böhranın səbəblərinə, onun mümkün inkişaf ssenarilərinə və münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasına dair praqmatik və uzaqgörən yanaşmanı əks etdirir.
Bu baxımdan həmin mövqelər davam edən müharibənin dayandırılması və davamlı sülh mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.
Forumda Prezidentin ABŞ–Azərbaycan münasibətlərinə dair səsləndirdiyi fikirləri də xüsusi diqqət çəkdi.
Prezident İlham Əliyev iki ölkə arasında tərəfdaşlığın mövcud vəziyyətini və strateji mahiyyətini dəyərləndirərək vurğuladı ki, qarşılıqlı etimada, ortaq maraqlara və praqmatik əməkdaşlığa əsaslanan Azərbaycan–ABŞ münasibətləri regional təhlükəsizliyin, enerji təhlükəsizliyinin, nəqliyyat-kommunikasiya əlaqələrinin və daha geniş Avrasiya məkanında sabitliyin təmin olunmasında mühüm strateji əhəmiyyət daşıyır.
Bu əməkdaşlığın ardıcıl inkişafı təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də ABŞ-ın regionda konstruktiv iştirakının və çoxtərəfli təhlükəsizlik gündəliyinə verdiyi töhfələrin güclənməsinə xidmət edən mühüm amillərdən biri kimi çıxış edir".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB