CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb

CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb

Cənubi Afrika Respublikasının (CAR) nüfuzlu və geniş oxucu auditoriyasına malik aparıcı xəbər saytlarından olan “Independent Online”da (İOL) tanınmış jurnalist Zingisa Mkhumanın müəllifliyi olduğu “Azərbaycanın mina problemi: siyasi məqamlar, tərəqqi və gələcək yol” sərlövhəli məqalə dərc edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ölkəmizin CAR-dakı səfirliyindən bildirilib ki, məqalədə Azərbaycanın dünyanın ən ağır böhranlarından biri olan mina çirklənməsi ilə mübarizə apardığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Ermənistanın təxminən 30 il davam edən hərbi işğalından sonra ölkə azad edilmiş ərazilərində basdırılmış bir milyondan çox mina və saysız-hesabsız partlayıcı maddənin təmizləmək kimi çətin vəzifə ilə üzləşib. Problemin miqyası sarsıdıcı və dəhşətlidir. Sorğular göstərir ki, Azərbaycanın ümumi ərazisinin 14 faizə yaxını hələ də minalarla çirklənmiş olaraq qalır. Bu, həm həyat üçün təhlükə yaradır, həm də sosial-iqtisadi inkişafa və köçkün əhalinin təhlükəsiz qayıtmasına mane ciddi maneə törədir.

Xəbərdə, həmçinin qeyd edilib ki, 2020-ci ildən 2025-ci ilin dekabrına qədər baş verən 250-dən mina hadisəsi 400-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarəti alması və ya həyatını itirməsi ilə nəticələnib. Qurbanlar arasında 14 uşaq və gənc, eləcə də qadınlar var. Son 30 ildə ümumilikdə 3400-dən çox Azərbaycan vətəndaşı minaların qurbanı olub.

Z.Mkhuman məqalədə Azərbaycanın mina problemi ilə bağlı çətinliklərin aradan qaldırılması üçün kompleks tədbirləri özündə əks etdirən proqram hazırladığını vurğulayıb. Eyni zamanda, bildirilib ki, insan tələfatından başqa, minalar ekosistemə də mənfi təsir göstərir. Qarabağda bir milyondan çox mina flora və faunanı məhv edib. Partlayışlar plastik tullantıları səpələyir, münbit torpaqları korlayır və su mənbələrini çirkləndirir. Minalar, həmçinin meşə yanğınlarına da səbəb ola bilir.

Müəllif onu da qeyd edib ki, hazırda xarici töhfələr minimal olaraq qalır və təmizləməni sürətləndirmək, habelə zərərçəkənlərə yardım göstərmək, eləcə də təhlükəsiz köçürülməni təmin etmək üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi çox vacibdir.

“Xüsusilə diqqətəlayiqdir ki, Azərbaycanın parlaq Qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonra modernləşmə və genişmiqyaslı inkişaf layihələrini davam etdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən dinamik və perspektivli ölkələrindən birinə çevrilib. Strateji cəhətdən əhəmiyyətli Zəngəzur dəhlizi də daxil olmaqla, yeni nəqliyyat dəhlizləri bu bölgələri milli və regional iqtisadi sistemlərə inteqrasiya edir, onların uzunmüddətli davamlılığını gücləndirir”, - deyə məqalədə vurğulanıb.

Bundan əlavə, CAR-ın “Cape Times” qazetində “Azərbaycanın mina problemi” adlı məqalə dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə