Prezident İlham Əliyevin iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi strateji əhəmiyyətli mesajlar təkcə Azərbaycan ictimaiyyətinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Deputat qeyd edib ki, dövlət başçısının “biz yalnız özümüzə güvənməliyik” mesajı müasir beynəlxalq münasibətlər sistemində mövcud olan reallıqlardan irəli gəlir. “Cənab Prezident vurğuladı ki, dünyada təhdidlərin sayı getdikcə artır. Köhnə təhlükələr qalmaqla yanaşı, yeni çağırışlar da meydana çıxır. Bu reallıq şəraitində Azərbaycan yalnız öz gücünə arxalanmalıdır”, – deyə o bildirib.
Elman Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, ölkəyə yönələn təhlükələr daxildən deyil, xaricdən qaynaqlanır: “Bu gün Azərbaycanın iki qonşusu müharibə şəraitindədir. Rusiya ilə Ukrayna arasında müharibə artıq beşinci ildir davam edir. İran isə ABŞ və İsraillə qarşıdurma vəziyyətindədir. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın əsas dayağı milli birlikdir. Bizi güclü edən xalq-hakimiyyət birliyi, xalqın öz Prezidenti ətrafında monolit şəkildə birləşməsidir”.
Onun sözlərinə görə, ölkədə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın təhlükəsizliyinin əsas təminatlarından biridir. “Xalq öz Prezidentini dəstəkləyir, Prezident isə milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Prezident dəfələrlə bildirib ki, böyük dövlətlərin himayəsinə sığınmaq ən asan yoldur. Lakin bunun müqabilində həmin dövlətlər öz maraqlarını diktə edir və ölkəni arzuolunmaz proseslərə cəlb edə bilərlər. Azərbaycan isə çətin, lakin şərəfli yolu seçərək müstəqil siyasət yürüdür”, – deyə Elman Nəsirov bildirib.
Deputat qeyd edib ki, məhz milli birlik Azərbaycanın sabitliyini və təhlükəsizliyini təmin edən əsas amildir. Azərbaycan bu gün sabitlik adasıdır. Ölkəmiz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edib, xalqımız qalib xalq kimi ləyaqətlə yaşayır və qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyir.
Elman Nəsirov informasiya təhlükəsizliyi məsələsinə də toxunaraq bildirib ki, müasir dövrdə informasiya da silaha çevrilib. “Bu gün dezinformasiyadan geniş istifadə olunur, saxta xəbərlər yayılır, cəmiyyətlərdə çaşqınlıq yaradılır. Hətta ABŞ Prezidenti Donald Tramp CNN-i “feyk nyus” adlandırmışdı. Böyük media qurumları belə bəzən dezinformasiya yaymaqla məşğul olur. Yaxın vaxtlarda CNN-in Azərbaycanla bağlı yaydığı məlumat da qərəzli xarakter daşıyırdı və məqsəd Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq idi”, – deyə deputat əlavə edib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət balanslı və milli maraqlara əsaslanır.
Elman Nəsirov mürəkkəb geosiyasi şəraitdə milli birliyin qorunmasının və güclü lider ətrafında birləşməyin xüsusi əhəmiyyət daşıdığını bildirərək əlavə edib ki, milli birlik olan yerdə istənilən strateji məqsədə nail olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB