"Prezidentin bölgələrə səfərləri hər zaman müsbət nəticələr verir" - ŞƏRH

"Prezidentin bölgələrə səfərləri hər zaman müsbət nəticələr verir" - ŞƏRH

"Qarabağın bütün bölgələrində, kənd və qəsəbələrdə görülən işlərin vəziyyətini yerində qiymətləndirmək üçün Prezidentin bölgələrə səfərləri olduqca əhəmiyyətli rol oynayır. Aydın məsələdir ki, postmüharibə dövrünün ən mühüm və aktual istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılmasıdır. Bu baxımdan, Xocavəndin bir sıra kəndlərinin abadlaşdırılması, insanların məskunlaşdırılması və burada həyata keçirilən məqsədyönlü işlər görülən fəaliyyətin mahiyyətini göstərmək baxımından əhəmiyyətlidir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bütün bunlar bir daha nümayiş etdirir ki, insanlar bəzi dairələrin gözləntilərinin əksinə olaraq böyük həvəs və istəklə doğma yurdlarına qayıdır, öz yurdlarını bərpa edirlər:

"Bununla onlar göstərirlər ki, bu torpaqların 30 il işğal altında qalmasına heç vaxt biganə qalmayıblar. Eyni zamanda nümayiş etdirirlər ki, bu ərazilərin bir daha təcavüzə məruz qalmaması üçün istənilən düşmənə qarşı mübarizə aparmağa hazırdırlar. Həqiqətən də Qarabağın siması və görkəmi dəyişir. Çünki bu dəyişiklik həm erməni təcavüzünün dərin izlərini silmək baxımından zəruridir, həm də Azərbaycanın gücünü və imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Təbii ki, Prezident mütəmadi olaraq bölgələrə, xüsusilə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına səfər edir. Bu ərazilər Prezidentin müntəzəm şəkildə baş çəkdiyi bölgələr sırasındadır. Bu səfərlər zamanı keçirilən görüşlər yaradılan infrastrukturun insanların həyatını necə dəyişdirdiyini müşahidə etməyə, sakinlərin gedən proseslərə münasibətini öyrənməyə imkan verir. Eyni zamanda bu görüşlər insanlara bir daha göstərir ki, onlar həmin ərazilərdə Azərbaycan dövlətinin əsas dayaqlarından biridir. İnsanlar orada özlərinə sadəcə bölgə sakinləri kimi deyil, Azərbaycanın strateji əhəmiyyət daşıyan ərazilərini qoruyan və inkişaf etdirən vətəndaşlar kimi baxmalıdırlar. Bu baxımdan Prezidentin bölgələrə səfərləri hər zaman müsbət nəticələr verir. Həmin səfərlər bərpa prosesinin həm sürətinə, həm də keyfiyyətinə müsbət təsir göstərir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə