"Ucuz kosmetik vasitələr ciddi sağlamlıq problemlərinə səbəb ola bilər" - AÇIQLANDI

"Ucuz kosmetik vasitələr ciddi sağlamlıq problemlərinə səbəb ola bilər" - AÇIQLANDI

"Qadınlar gözəl və baxımlı görünmək üçün demək olar ki, hər gün kosmetik vasitələrdən istifadə edirlər". Bu sözləri SİA-ya açıqlamasında dermatoveneroloq Xəyalə Hüseynova bildirib.

Onun sözlərinə görə, bu səbəbdən kosmetik vasitələr qadınların həyatında önəmli rol oynayır:

"Tələbat çox olduğu üçün kosmetika bu gün ən gəlirli sahələrdən hesab olunur. Sosial şəbəkələrdə, o cümlədən mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan, çeşid-çeşid keyfiyyətsiz və saxta məhsullar satılır.

Əlbəttə, qiymətlər və keyfiyyət də satıldığı yerə görə dəyişir. Bizim xanımlarımızın əksəriyyəti aldıqları kosmetikanın mənşəyi, istehsal tarixi və saxlanma şəraiti ilə maraqlanmır.

Əsas məsələ qiymətdir. Yəni ucuz qiymətə satılsın, içində nə olur-olsun.

Kosmetik məhsullarla bağlı böyük təhlükələrdən biri İngiltərədə aparılan araşdırmalarda ortaya çıxıb. Belə ki, qadınların istifadə etdikləri bəzi parfümeriya məhsullarının tərkibində yüksək dozada zəhərli maddələr aşkarlanıb.

Alimlərin fikrincə, bu maddələr insan orqanizmində ağciyər və mədə xərçənginə səbəb ola bilər. Belə ki, kosmetik vasitələrin tərkibində olan xrom maddəsi ağciyər xərçənginin yaranmasına zəmin yaradır.

Araşdırmalara görə, pomadaların və dodaq parladıcılarının tərkibində maqnezium və alüminium kimyəvi maddələri var. Bu maddələrdən alüminiumun Altsheymer xəstəliyinə səbəb olduğu, maqneziumun isə insan yaddaşına mənfi təsir göstərdiyi bildirilir.

Türkiyə alimlərinin araşdırmalarına görə isə, kosmetik məhsullarda qalıcılığı artırmaq məqsədilə istifadə edilən ağır metallar bədəndə yığılır və hüceyrələrə zərər verərək erkən yaşlanma, xərçəng və inkişaf pozuntularına səbəb olur.

Alimlərin sözlərinə görə, ağır metallar digər bir çox toksinlərdən fərqli olaraq insan bədənində toplanır və onların təsirləri bir müddət sonra üzə çıxır.

Şəxsən özümün 18 illik iş təcrübəmdə ucuz məhsulların təsirindən kirpik tökülməsi, üzdə ləkələr, irinli yaralar, allergik reaksiyalar, qaşınma, qabıqlanma, gözdə konyunktivit xəstəliyi və digər problemlərlə müraciət edən pasiyentlər çox olub. Anamnez zamanı isə əsl səbəb ortaya çıxıb.

Xanımlara tövsiyəm budur ki, ucuz məhsuldansa, heç bir makiyajdan istifadə etməyin. Daha gözəl görünərsiniz".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə