“Azərbaycan-Ermənistan münasibətləri suveren qonşuluq müstəvisinə inteqrasiyaya çox yaxındır” - ŞƏRH
“Azərbaycan və Ermənistan arasında çoxillik münaqişədən sonrakı normallaşma prosesi hazırda həm hüquqi, həm də praktiki müstəvidə həlledici və tarixi bir mərhələyə qədəm qoyub. Tərəflər arasında münasibətlər ənənəvi hərbi qarşıdurma ritorikasından beynəlxalq hüququn təməl prinsiplərinə söykənən sülh quruculuğu, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların bərpası müstəvisinə keçib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu dinamika, həm ikitərəfli birbaşa təmaslar, həm də beynəlxalq hüququn fundamental normaları kontekstində özünü büruzə verir:
“Siyasi-hüquqi sənədlər və beynəlxalq normalar baxımından münasibətlərin tənzimlənməsi birbaşa BMT Nizamnaməsi, 1991-ci il Alma-Ata Bəyannaməsi və suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanır. Hazırda tərəflər arasında "Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş" layihəsinin mətninin böyük hissəsi - 17 maddədən ibarət çərçivəni razılaşdırılıb və ilkin sənəd olaraq paraflanıb. Rəsmi Bakı sazişin imzalanması üçün öz üzərinə düşən bütün addımları tamamladığını bəyan etsə də, tam hüquqi yekunlaşma üçün beynəlxalq hüququn digər subyektlərinə qarşı ərazi iddialarının hüquqi müstəvidən tamamilə çıxarılmasını vacib sayır. Bu çərçivədə, Ermənistanın mövcud konstitusiya və müstəqillik bəyannaməsində Azərbaycana qarşı iddiaların ləğv edilməsi, sülh müqaviləsinin gələcəkdə daxili hüquqi maneələrlə qarşılaşmaması üçün ən mühüm siyasi-hüquqi şərt kimi irəli sürülür. Eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsi üçün birgə müraciətin edilməsi də hüquqi keçmişin qalıqlarının təmizlənməsi istiqamətində atılan mühüm addımdır. Görülən praktiki işlərin fonunda ən böyük irəliləyiş dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesində müşahidə olunur. İkitərəfli komissiyaların müntəzəm işi nəticəsində artıq dövlət sərhədinin təxminən 13 kilometrlik hissəsi delimitasiya və demarkasiya edilərək konkret sərhəd dirəkləri quraşdırılıb. Bu prosesin şimaldan cənuba doğru beynəlxalq hüquqi normalara uyğun şəkildə davam etdirilməsi, anklav və qeyri-anklav kəndlərlə bağlı məsələlərin mərhələli həlli üzrə razılıqlar əldə olunub. Digər mühüm praktiki istiqamət isə regionun iqtisadi və nəqliyyat arxitekturasını dəyişəcək kommunikasiyaların açılmasıdır. Vaşinqton sammitində əldə olunmuş razılaşmalara əsaslanan və ABŞ tərəfindən də dəstəklənən TRIPP layihəsi çərçivəsində beynəlxalq və regional tranziti təmin edəcək dəmir yolu və magistral xətlərin bərpası istiqamətində sənədləşmə işləri aparılır. Ermənistan ərazisindən keçəcək bu marşrutun ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərlik prinsipləri əsasında idarə olunması nəzərdə tutulur ki, bu da regionu "münaqişə zonasından" böyük bir "sülh iqtisadiyyatına" çevirmək potensialına malikdir.
Ermənistanda baş tutan son parlament seçkilərindən sonra sülh gündəliyinin daxili siyasi legitimlik qazanması prosesi sürətlənsə də, konstitusiya islahatları və referendumun keçirilməsi vaxt baxımından yekun imzalanmanı müəyyən qədər zamana yayır. Buna baxmayaraq, tərəflərin mülki cəmiyyət səviyyəsində Bakı, İrəvan, Qəbələ və Dilican görüşlərində birbaşa dialoqlar və üçüncü tərəflərin vasitəçiliyi olmadan əldə edilən praktiki nəticələr göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri keçmiş gərginlikləri geridə qoyaraq, beynəlxalq normaların tanıdığı hüquqi və suveren qonşuluq müstəvisinə tam inteqrasiya olunmağa hədsiz dərəcədə yaxındır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB